e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Uçotda olmayan fiziki şəxslərin gəlir vergisinin hesablanması

2019-04-25 | Vergilər | 3014

Vergi Məcəlləsinin 101.6-cı maddəsinə əsasən, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslər "Nağdsız hesablaşmalar haqqında" Qanunun 3.5-ci maddəsinə uyğun olaraq, malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (Vergi Məcəlləsi ilə vergidən azad olunan gəlirlər istisna edilməklə) xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi tutulur. Mövzunu iqtisadçı ekspert İsmayıl Bağırov şərh edir.

Vergi Məcəlləsinin 101.6-cı maddəsinin tətbiqində əsas məqsəd vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin kənd təsərrüfatı məhsulları istehsalçılarından alaraq təqdim etdikləri kənd təsərrüfatı məhsullarını, əlvan və qara metal qırıntılarını, utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatları və utilizasiya məqsədləri üçün işlənmiş şinləri təqdim edərkən yaranan vergi öhdəliyindən yayınma hallarının qarşısını almaqdır.

Ona görə də həmin maddəyə əsasən, yuxarıda qeyd olunan malları alarkən vergi orqanında uçotda olmayan fiziki şəxslərə ödəmələr verən hüquqi şəxslər və fərdi sahibkarlar ödəmə mənbəyində 2 faiz dərəcə ilə vergini tutaraq dövlət büdcəsinə ödəməlidirlər. Bu halda vergi öhdəliyi malı təqdim edənin yox, malı alan vergi ödəyicisinin üzərinə qoyulur. Ona görə də malı təqdim edənin vergı ödəyicisi olmaq öhdəliyi yaranmır. Çünki Vergi Məcəlləsinin 13.2.4-cü maddəsində qeyd olunur ki, vergi ödəyicisi – bu Məcəlləyə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxsdir. 101.6-cı maddəyə uyğun olaraq, mal təqdim edənin vergi öhdəliyi yaranmadığı üçün 13.2.4-cü maddənin şərtlərinə əsasən o, vergi ödəyicisi sayılmır.

Bu maddəyə əsasən ödəmə mənbəyində verginin tutulması qaydasını daha aydın anlamaq üçün bir misalla izah edək:

Fiziki şəxs 10.000 manat dəyərində əhalidən kənd təsərrüfatı məhsulları alaraq 12.000 manata vergi ödəyicisinə təqdim edir. Bu zaman məhsulların dəyərini ödəyən vergi ödəyicisi ödənilməli olan 12.000 manatdan ödəmə mənbəyində 2 faiz dərəcə ilə 240 manat (12.000 x 2% = 240) gəlir vergisini tutur və qalan 11.760 manat (12.000 – 240 = 11.760) məbləği fiziki şəxsə ödəyir, ödəmə mənbəyində tutduğu 240 manat vergini isə dövlət büdcəsinə ödəməlidir.

Daha bir misal: Tutaq ki, kənd təsərrüfatı məhsullarının istehsalçısı 10.000 manat dəyərində kənd təsərrüfatı məhsulunu vergi ödəyicisinə təqdim edir. Bu zaman məhsulların dəyərini ödəyən vergi ödəyicisi kənd təsərrüfatı məhsullarının istehsalçılarının özlərinin həmin məhsullarını təqdim etməsi vergidən azad olduğu üçün ödəmə mənbəyində onlardan vergi tuta bilməz.

Hazırladı:

Fəxriyyə İKRAMQIZI

Mənbə: https://vergiler.az/news/taxes/1917.html


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.