e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

İcarə haqqına görə ödəmə mənbəyindən vergi

2019-03-28 | Vergilər | 4399

Vergi Məcəlləsinin 99.3.3-cü maddəsinə əsasən, fiziki şəxslər üçün əmlakın icarəyə verilməsindən əldə edilən gəlir qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərə aiddir. Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Daşınar və daşınmaz əmlakı icarəyə verənin və icarəyə götürənin vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs (şərti olaraq sadə vətəndaş), vergi ödəyicisi kimi uçotda olan fiziki şəxs (VÖEN-i olan fiziki şəxs) və hüquqi şəxs olmasından asılı olaraq daşınar və daşınmaz əmlakın icarəsinə görə əldə edilən gəlirdən verginin ödənilməsi və hesabatının təqdim edilməsi öhdəliyi icarəyə verənin və yaxud icarəyə götürənin öhdəliyi ola bilər. Əgər icarəyə verən vergi ödəyicisi kimi uçotda olan (VÖEN-i olan fiziki şəxs) və ya uçotda olmayan (sadə vətəndaş) fiziki şəxsdirsə, o zaman icarəyə götürən vergi ödəyicisi (rezident müəssisə və ya VÖEN-i olan fiziki şəxs) Vergi Məcəlləsinin 124-cü və 150.1.6-cı maddələrinə əsasən aylıq icarə haqqından 14 faiz dərəcəsi ilə ödəmə mənbəyindən vergini tutur, 150.3.2-ci maddəsinə əsasən vergini büdcəyə ödəyir və 150.3.3.1-ci maddəsinə əsasən rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq bəyannaməni vergi orqanına təqdim edir.

Misal:

Tutaq ki, VÖEN-i olan fiziki şəxs və yaxud vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs özünə məxsus qeyri-yaşayış sahəsini rezident müəssisəyə və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsə aylıq 1.000 manata icarəyə verir. Bu zaman icarəyə götürən rezident müəssisə və ya sahibkar 140 manat məbləğində vergini ödəmə mənbəyindən tutaraq büdcəyə köçürür və rüblük bəyannamədə əks etdirir. İcarəyə verən VÖEN-i olan fiziki şəxs isə illik gəlir vergisi bəyannaməsini təqdim edərkən bəyannamənin 1203-cü sətrində 1.000 manat gəlirini qeyd edir, lakin həmin məbləğdən bir dəfə ödəmə mənbəyində vergi tutulduğu üçün Vergi Məcəlləsinin 100-cü maddəsinə əsasən həmin məbləğ ümumi gəlirdən çıxılır və bəyannamənin 1224.6-cı sətri olan daşınar və daşınmaz əmlakın icarəyə verilməsindən ödəmə mənbəyində vergi tutulmuş gəlir sətrində 1.000.00 manat məbləğ qeyd olunur ki, eyni məbləğ iki dəfə vergiyə cəlb edilməsin.

Vergi Məcəlləsinin 124.3-cü maddəsində bildirilir ki, rezident müəssisələrə və ya qeyri-rezidentlərin daimi nümayəndəliklərinə Azərbaycan Respublikasında ödənilmiş məbləğlər bu maddə üzrə vergitutma obyekti deyildir. Daşınar və daşınmaz əmlakın icarəsinə görə gəliri əldə edən rezident müəssisə və ya qeyri-rezidentin daimi nümayəndəliyi isə öz növbəsində həmin gəlirdən 20 faiz dərəcəsi ilə mənfəət vergisi ödəyir və bunu öz illik mənfəət vergisi bəyannaməsində bəyan edir.

Əgər həm icarəyə verən, həm də icarəyə götürən vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxsdirsə, bu zaman icarəyə verən Vergi Məcəlləsinin 33-cü maddəsinə əsasən vergi uçotuna alınır, Məcəllənin 149-cu maddəsinə əsasən gəlirin 14 faizi məbləğində vergini büdcəyə köçürür və illik gəlir vergisi bəyannaməsini təqdim edir.

Hazırladı:

Fəxriyyə İKRAMQIZI

Mənbə: https://vergiler.az/news/taxes/1491.html


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.