Malların müddətli əsaslarla satışı zamanı vergi məsələlərində diqqət yetirilməli məqamlar2019-08-03 | Vergilər | 2991Malların kreditə (müddətli ödənişli əsaslarla) satılması ilə məşğul olan vergi ödəyicilərində uçot prinsiplərində, hesabatların, bəyannamələrin formalaşdırılmasında müəyyən çətinliklər yaranır: onlar gəlirlərin, xərclərin vaxtının müəyyənləşdirilməsi, həmçinin ƏDV məqsədləri, sadələşdirilmiş vergiyə cəlb edilməsi müddətləri, bundan əlavə, sadələşdirilmiş vergidən ƏDV-yə keçid məsələlərində bəzi problemlərlə üzləşirlər. Mövzunu sərbəst auditor Altay Cəfərov şərh edir. Malların kreditlə satılması dedikdə, yanaşma belədir ki, vergi ödəyicisi mülkiyyətində və ya istifadəsində olan malları əsasən əhaliyə satır, amma ödəniş tam olaraq həmin anda yox, qısamüddətli və ya uzunmüddətli ödəniş şərtləri ilə həyata keçirilir. Təcrübə göstərir ki, bir çox sahibkarlar alğı-satqı müqavilələrində xüsusi şərtlər əks etdirmir. Yəni malların mülkiyyət məsələsinə toxunmurlar, bu da onlara hesabatlılıqda problemlər yaradır. Mülki Məcəlləyə əsasən: Maddə 606. Mülkiyyət hüququnun saxlanması haqqında qeyd-şərt 606.1. Əgər daşınar əşyanın satıcısı alıcı tərəfindən alış qiyməti ödənilənədək əşyaya mülkiyyət hüququnu özündə saxlamışdırsa (mülkiyyət hüququnun saxlanması haqqında qeyd-şərt), şübhə halında ehtimal edilir ki, mülkiyyətin verilməsi alış qiyməti tam ödənilənədək təxirəsalıcı şərtlə həyata keçirilir və əgər alıcı alış qiymətinin ödənilməsini gecikdirirsə, satıcının müqaviləni ləğv etmək və əşyanı geri götürmək hüququ vardır. 606.4. Alğı-satqı müqaviləsində alıcıya verilmiş əşyaya mülkiyyət hüququnun mal ödənilənədək satıcıda qaldığı nəzərdə tutulduqda alıcı mülkiyyət hüququ ona keçənədək əşyanı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya əşyanın təyinatından və xassələrindən ayrı qayda irəli gəlmirsə, özgəninkiləşdirə bilməz və ya ona dair digər sərəncam verə bilməz. Buradan aydın görünür ki, mülkiyyət münasibətlərinin müəyyənləşdirilməsində ödənişlə bağlı xüsusi şərtlər böyük rol oynayır. Vergi Məcəlləsində də malların mülkiyyət və gəlirlik münasibətləri öz əksini tapmışdır: 13.2.10. Malların təqdim edilməsi - mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, o cümlədən, lakin bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əməkhaqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi. Yəni malların təqdim edilməsi üçün mülkiyyət hüququ alıcıya keçməlidir. Qeyd etdiyimiz kimi, alğı-satqı müqaviləsində ödənişlə bağlı xüsusi şərtin olması malların satış vaxtının (anının) dəyişməsinə gətirir. Bunu sadə bir misal üzərində nəzərdən keçirək. Tutaq ki, "AA" MMC mülkiyyətində olan mebeli 2019-cu ilin iyul ayında vətəndaşa 1.000 manata kredit şərti ilə satmışdır və müqavilədə ödənişlə bağlı xüsusi maddə yazılmamışdır. Həmçinin başqa bir – "VV" MMC-də mülkiyyətində olan məişət texnikasını vətəndaşa həmin tarixdə 12 ay, hər ay üçün 200 manat ödəniş etmək şərti ilə, satmışdır və ən əsası, Mülki Məcəllənin tələblərinə əsaslanaraq, mallar üzərində mülkiyyət hüququnun ödəniş alıcı tərəfindən tam həyata keçiriləndən sonra keçəcəyini qeyd etmişdir. Yəni ödəniş tam həyata keçənə qədər olan müddət ərzində mülkiyyət hüququ satıcıda qalır. Göründüyü kimi, fəaliyyət hər iki vergi ödəyicisində eynidir, məqsəd də eyni prinsiplər üzərində qurulmuşdur. "AA" MMC zənn edir ki, malları müddətli ödəniş ilə satmışdır, lakin o, gəlirlərin əldə edilməsi vaxtına düzgün yanaşmamışdır. Çünki iyul 2019-cu il tarixində onun uçot və hesabatlılığında 1.000 manatın hamısı gəlir kimi tanınacaqdır. "VV" MMC-nin isə müqaviləsində xüsusi şərt kimi mülkiyyətin ödənişin tam aparılmasından sonra keçəcəyi qeyd edildiyinə görə, 12 ay * 200 = 2.400 manat haqqı tam ödəməmiş məişət texnikasının mülkiyyəti "VV" MMC-də qalır. Belə olan halda, "VV" MMC tərəfindən verilmiş 2.400 manatlıq məişət texnikası üçün iyul 2019-cu il malın təqdim edilməsi tarixi sayılmır və buna görə də Vergi Məcəlləsinin 13.2.12.-ci maddəsinə əsasən, gəlir sayılmır. 13.2.12. Gəlir – malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir. Vergitutma məqsədləri üçün gəlirin əldə edilmə vaxtı bu Məcəllənin 132-ci və 135-ci maddələri ilə müəyyən olunur. Qeyd olunanlara əsasən, 2.400 manat məbləğ vətəndaş tərəfindən tam ödəniləndən sonra "VV" MMC-də gəlir kimi tanınacaqdır. Odur ki, vergi ödəyiciləri belə məsələlərdə çox diqqətli olmalıdırlar. Fəxriyyə İKRAMQIZI |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.