Sual Müəssisə xaricdən satış üçün mebel idxal edir və ödənişlər satışdan sonra bank vasitəsilə hissə-hissə xarici şirkətə köçürülür. Malın dəyərinin ödənişi ilə əlaqədar əməliyyatlar sonradan aparıldığı üçün gömrük orqanı tərəfindən faktiki malın invoys dəyəri qaldırılaraq, yüksək dəyərlə qiymətləndirilir. Bununla əlaqədar malın dəyəri süni şəkildə artırılır. Bəs həmin mallar təqdim olunanda hesabat üzrə faktiki qiymətlə, yoxsa gömrük dəyəri ilə bəyan edilməlidir? |
|
Cavab Mallar gömrük dəyəri ilə qiymətləndiriləndə müəssisədə ilin sonuna süni mənfəət yarana bilər. Bu məsələyə görə narahat olan sahibkarlar uyğunsuzluğun uçot üzrə hesabatda hansı qaydada göstərilməsinin izah edilməsini xahiş ediblər.
Vergilər Nazirliyinin açıqlamasında bildirilib ki, ƏDV məqsədləri üçün vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir.
Əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir.
Aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) istisna edilməklə, aktivlərin dəyərini artıran digər xərclər daxil edilir.
Göründüyü kimi, ƏDV məbləği gümrük orqanlarının müəyyən etdiyi dəyərdən hesablansa belə, idxal edilən aktivlərin uçotu formalaşan faktiki dəyərlə aparılmalıdır.
Qeyd: Bu məqamda Vergi Məcəlləsinin 139.2-ci, 143-cü və 162.1-ci maddələri tətbiq edilir.
|
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.