e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Vergi ödənilməsi ilə bağlı mübahisələrə inzibati məhkəmələr baxacaq

2019-07-26 | Hüquq | 3029

Ədliyyə naziri Fikrət Məmmədov bildirib ki, sahibkarlıqla bağlı mübahisələrə baxılması işinin təkmilləşdirilməsi məqsədilə bu fəaliyyətlə əlaqədar yeni ixtisaslaşmış məhkəmənin yaradılması artıq zamanın tələbinə çevrilib: "Sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələrin həlli zamanı operativliyin təmin olunması məqsədilə dövlətimizin başçısının təşəbbüsü ilə ötən ilin dekabrında qanunvericiliyə əsaslı dəyişikliklər edilib, o cümlədən iqtisadi mübahisələr üzrə məhkəmə icraatının elektron qaydada, yalnız "Elektron məhkəmə" informasiya sistemi vasitəsilə aparılması müəyyən edilib. Eyni zamanda, sahibkarlıqla bağlı məsələlərin məhkəmələrdə daha operativ və səmərəli həllinin təmin edilməsi, məhkəmə icraatının effektivliyinin artırılması məqsədilə Fərmanda mülki prosessual qanunvericiliyin kompleks şəkildə təhlil edilməsi, qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla onun təkmilləşdirilməsi ilə bağlı ali və apelyasiya məhkəmələri, Vəkillər Kollegiyası, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Ədliyyə, İqtisadiyyat və Vergilər nazirliklərinə tövsiyə və tapşırıqlar verilib".

Nazir qeyd edib ki, yeni qanunvericiliyə uyğun olaraq sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması və bu sahədə işlərə daha çevik baxılması məqsədilə yeni ixtisaslaşmış məhkəmələr - kommersiya və ayrıca inzibati məhkəmələr yaradılıb. Hazırda həmin məhkəmələrin yurisdiksiyasının müəyyən edilməsi, müvafiq bina, avadanlıq, digər təşkilati-texniki vasitələrlə təmin edilməsi, məhkəmə aparatlarının formalaşdırılması üzrə tədbirlər görülür. F.Məmmədovun sözlərinə görə, yeni məhkəmələrdə konkret sahədə dərin hüquqi bilik və təcrübəsi olan hakimlərin fəaliyyət göstərməsi nəzərdə tutulur: "Sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan mülki mübahisələrə yeni yaradılan kommersiya məhkəmələri, sahibkarların bütün dövlət qurumları, inzibati orqanlarla mübahisələrinə, o cümlədən vergi və gömrük ödənişləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrə isə inzibati məhkəmələr baxacaq. 2020-ci il yanvarın 1-dən fəaliyyətə başlayacaq kommersiya və inzibati məhkəmələr bu sahədə məhkəmə statistikasının təhlil edilməsində və məhkəmə təcrübəsinin öyrənilməsində də mühüm rol oynayacaq".

Bildirilib ki, sahibkarlıqla bağlı mübahisələr üzrə ixtisaslaşdırılmış məhkəmələrin yaradılması, habelə ali və apelyasiya məhkəmələrində müvafiq kollegiyaların təsis edilməsi, məhkəmə aidiyyəti üzrə mübahisələrin həllinin daha təkmil, yeni mexanizminin yaradılması ölkəmizdə sahibkarlığın inkişafına, biznes mühitinin yaxşılaşmasına, məhkəmələrdə süründürməçilik hallarının qarşısının alınmasına əlavə təkan olacaq.

Mənbə: https://vergiler.az/news/economy/3244.html


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.