e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Artıq ödənilmiş sosial sığorta haqqının geri qaytarılması

2019-07-31 | Vergilər | 3078

Redaksiyamıza daxil olan müraciətlərin bir qismində artıq ödənilmiş vergi və məcburi dövlət sosial sığorta haqlarının geri qaytarılması məsələsi qaldırılıb. Vergi agenti tərəfindən fiziki şəxsdən artıq miqdarda tutulmuş məcburi sosial sığorta haqqının qaytarılması üçün fiziki şəxs hansı müvafiq icra orqanına müraciət etməlidir?

Vergilər Nazirliyindən məsələ ilə bağlı bildiriblər ki, vergi orqanları artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqları, hesablanmış faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər:

  • büdcəyə artıq ödəmələri məcburi dövlət sosial sığorta haqqı ilə bağlı digər borcların, hesablanmış faizlərin, məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının və inzibati cərimələrin ödənilməsinə yönəldirlər;
  • büdcəyə artıq ödəmələri işsizlikdən sığorta haqqı ilə bağlı borcların və işsizlikdən sığorta haqlarını ödəməkdən yayınma və işsizlikdən sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş inzibati cərimələr üzrə borcların ödənilməsinə yönəldirlər;
  • sığortaedənin razılığı ilə büdcəyə artıq ödəmələri məcburi dövlət sosial sığorta ilə bağlı sonrakı öhdəliklər üzrə ödəmələrə yönəldirlər;
  • büdcəyə artıq ödəmələrin qalan məbləğinin sığortaedənin yazılı ərizəsinə əsasən 45 gün ərzində qaytarılmasını təmin etmək məqsədilə bu qaydalarda nəzərdə tutulmuş formada rəy tərtib edirlər.

Artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının geri qaytarılması üçün vergi ödəyiciləri uçotda olduqları vergi orqanına müəyyən olunmuş ərizə forması ilə müraciət etməlidirlər.

Onu da deyək ki, Nazirlər Kabineti "Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları"nı yeni redaksiyada təsdiq edib. Sənədə əsasən, Azərbaycanda vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il müddətində ondan düzgün tutulmamış və ya artıq ödənilmiş verginin, faizlərin və maliyyə sanksiyasının məbləğinin qaytarılmasını və ya digər vergilərin, faizlərin maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini vergi hesabatı dövrü qurtardıqdan sonra 5 il müddətində tələb etmək hüququna malikdir.

Mənbə: https://vergiler.az/news/taxes/3367.html


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.