e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Beş gündə münasib işlə təmin edilməyənlər işsiz kimi qeydə alınacaq

2019-07-31 | Kadr işi | 3505

Nazirlər Kabineti “İşaxtaran və işsiz şəxslərin qeydiyyata alınması Qaydası”nı təsdiq edib.

APA-nın məlumatına görə, yeni Qaydanın təsdiqlənməsi ilə əlaqədar “İşsizlərin qeydiyyata alınması Qaydalarının təsdiq edilməsi haqqında” 2002-ci il 22 yanvar tarixli qərar ləğv edilib.

Bu Qayda işaxtaran və işsiz şəxslərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin şəhər, rayon məşğulluq orqanlarında və “DOST” mərkəzlərində qeydiyyata alınması qaydasını müəyyən edir. 15 yaşı tamam olmuş hər bir şəxs işaxtaran kimi qeydiyyata alınmaq üçün “Elektron hökumət” və ya “e-sosial” portallarının mövcud autentifikasiya vasitələrindən istifadə etməklə, Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin (MEİS) “Məşğulluq” altsistemində (MAS) Müraciət-Ərizə”ni dolduraraq təsdiq etməlidir. Müraciət MAS tərəfindən qəbul edildikdən sonra həmin şəxs işaxtaran kimi qeydiyyata alınır və bu barədə məlumat MAS tərəfindən işaxtaranın elektron kabinetində yerləşdirilir və mobil nömrəsinə göndərilir.

MAS-da işaxtaran kimi qeydiyyata alınmış, işi və qazancı olmayan əmək qabiliyyətli şəxsə Mərkəz tərəfindən 5 iş günü müddətində münasib iş təklifi edilmədiyi və ya işəgötürən (işəgötürənlər) tərəfindən vakansiyaya qəbulundan imtina edildiyi halda, habelə təqdim edilmiş göndərişə münasibətdə işəgötürənin hərəkətsizliyi halında həmin şəxsin işsiz kimi qeydiyyata alınması barədə qərar qəbul olunur və fərdi məşğulluq vərəqində müvafiq qeydlər aparılmaqla, onun şəxsi kabinetinə yerləşdirilir. İşsiz kimi qeydiyyata alınmazdan əvvəl işaxtaranın məşğul şəxslərin dairəsinə aid olmaması məşğul şəxslərin reyestrində MAS tərəfindən yoxlanılır. İşaxtaranın məşğul şəxs olduğu müəyyən edildikdə, onun işsiz şəxs kimi qeydiyyata alınmasına yol verilmir və bu barədə məlumat səbəbi göstərilməklə, onun şəxsi kabinetində yerləşdirilir. İşsiz kimi qeydiyyata alınan şəxsə münasib iş təklifi həyata keçirilir.

Şəxs işaxtaran kimi qeydiyyata alındığı zaman MAS-a daxil etdiyi və MEİS-dən əldə edilən məlumatlar əsasında elektron qaydada fərdi məşğulluq vərəqi tərtib edilir. Şəxsin bu Qaydaya uyğun olaraq işaxtaran və işsiz şəxs kimi qeydiyyata alınması zamanı elektron informasiya resurslarından əldə edilməsi mümkün olmayan fərdi məlumatları daxil etməsi üçün imkan yaradılır. Fərdi məşğulluq vərəqində işaxtaran və işsiz şəxslə bağlı aşağıdakı məlumatlar yerləşdirilir:

  • fərdi məlumatlar, o cümlədən:
  • təhsili və peşəsi (ixtisası);
  • məşğulluq tarixçəsi (olduğu təqdirdə);
  • təklif olunan münasib iş və aktiv məşğulluq tədbirləri,
  • onların icra vəziyyəti.

İşaxtaran və işsiz şəxslərin MAS-da real vaxt rejimində fərdi məşğulluq vərəqindən çıxarış əldə etmək hüququ var. İşaxtaran və işsiz kimi qeydiyyata alınmış şəxslərin ixtisası, peşəsi, sağlamlıq imkanlarının məhdudluğu və yaşayış ünvanı üzrə məlumatlar dəyişdiyi halda, onlar şəxsi kabinetlərindən istifadə etməklə, MEİS-də həmin məlumatları yeniləməlidirlər. İşaxtaran və işsiz kimi qeydiyyata alınmış şəxslər aktiv məşğulluq tədbirinə cəlb edildiyi zaman bu barədə məlumatlar Mərkəz tərəfindən fərdi məşğulluq vərəqinə daxil edilir və MEİS tərəfindən avtomatik yoxlanılaraq yenilənir. İşaxtaran və işsiz şəxsin qeydiyyatı ləğv edildikdə, fərdi məşğulluq vərəqi MAS-da deaktiv edilir və təkrar qeydiyyat zamanı aktivləşdirilərək, müvafiq qeydlərin aparılması davam etdirilir.

Şəxs işaxtaran kimi qeydiyyata alındığı gündən 5 iş günü müddətində Mərkəz vakansiya bankından münasib iş təklifini seçərək, işaxtaranın şəxsi kabinetində yerləşdirir. İşaxtaran münasib iş təklifini qəbul edib-etmədiyi barədə məlumatı MAS-a daxil edərək təsdiqləməlidir. Münasib işdən imtina etdiyi halda, işaxtaran həmin iş təklifini qəbul etməməsi səbəblərini göstərməlidir. Səbəblər Mərkəz tərəfindən əsaslı hesab edildikdə, işaxtarana yeni münasib iş təklif edilir. Əks halda, bu hal münasib işdən imtina hesab edilir. İşaxtaran və işsiz kimi qeydiyyata alınmış şəxslərə mərkəz tərəfindən eyni münasib işin təkrar təklif edilməsinə yol verilmir. İşaxtaran tərəfindən qəbul edilmiş münasib iş təklifi əsasında Mərkəzin səlahiyyətli şəxsi tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş vakansiyaya göndəriş və işaxtaranın fərdi məşğulluq vərəqindən çıxarış MAS tərəfindən elektron qaydada işəgötürənə göndərilir və işaxtaranın şəxsi kabinetində yerləşdirilir. Göndəriş təqdim edildiyi gündən ən geci 5 iş günü müddətində işəgötürən boş iş yerinin tutulub-tutulmaması ilə bağlı qərarını qəbul edərək, bu barədə məlumatı MAS-a daxil etməlidir. İşəgötürən Mərkəzin təqdim etdiyi göndərişə əsasən işaxtaranın vakansiya üzrə işə qəbulundan imtina etməsi və ya vakansiyaya uyğun işlə təmin etməsi ilə bağlı qərarı barədə göndərişdə müvafiq qeydlər aparır və bu barədə məlumatı MAS-a daxil edərək, gücləndirilmiş electron imzası ilə təsdiqləyir.

İşsiz kimi qeydiyyata alınmayan və ya işsiz kimi qeydiyyatı ləğv olunan şəxs işaxtaran kimi qeydiyyatda saxlanılır və işsiz kimi qeydiyyata alınmaq üçün 1 aydan sonra təkrar müraciət etmək hüququna malikdir. İşaxtaran kimi qeydiyyatı ləğv edilmiş şəxs həmin hal aradan qaldırıldıqdan sonra işaxtaran kimi qeydiyyata alınmaq üçün təkrar müraciət etmək hüququna malikdir.

Ramiz Mikayıloğlu

Mənbə: https://apa.az/az/sosial_xeberler/azerbaycanda-5-gun-erzinde-munasib-isle-temin-edilmeyenler-issiz-kimi-qeyde-alinacaq-544493


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.