e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Əvəzləşdirilən vergi məbləği hesablanmış vergi məbləğindən artıq olduqda...

2019-08-09 | Vergilər | 2860

Vergi Məcəlləsinin 179.1-ci və 179.2-ci maddələri əvəzləşdirilən vergi məbləğinin hesablanmış vergi məbləğindən artıq olduğu halda, büdcə ilə münasibətləri müəyyənləşdirir. 179.1-ci maddədə qeyd olunur ki, hesabat dövründə vergi tutulan dövriyyəsinin azı 50 faizi sıfır dərəcə ilə vergiyə cəlb olunan vergi ödəyicisinə, hesabat dövründə əvəzləşdirilən vergi məbləğinin hesablanmış vergidən artıq olan hissəsi onun vergi və ya gömrük orqanlarına ərizəsini verdiyi vaxtdan 20 gün ərzində qaytarılır. 179.2-ci maddəyə əsasən isə digər vergi ödəyiciləri üçün - əvəzləşdirilən vergi məbləğinin hesabat dövrü ərzində hesablanmış vergi məbləğindən artıq olan hissəsi vergi ödəyicisinin vergi və gömrük orqanlarına elektron formada ərizəsini verdiyi vaxtdan 4 aydan gec olmayaraq qaytarılır. Mövzunu iqtisadçı ekspert İsmayıl Bağırov şərh edir.

Vergi Məcəlləsinin bu maddələrinin tətbiqinin əsas məqsədi əvəzləşdirilən əlavə dəyər vergisi (ƏDV) məbləğinin hesablanmış ƏDV məbləğindən artıq olduğu halda, büdcə ilə münasibətləri müəyyən etməkdən ibarətdir. ƏDV bəyannaməsi üzrə vergi tutulan dövriyyədən hesablanmış vergi əvəzləşdirilən vergidən çox olanda, büdcəyə ödəmə yaranır. ƏDV ödəyicisi bu fərqi büdcəyə ödəməlidir. Əksinə, ƏDV bəyannaməsi üzrə vergi tutulan dövriyyədən hesablanmış vergi əvəzləşdirilən vergidən az olduqda isə vergi ödəyicisinin artıq ödəməsi yaranır.

Bu artıq məbləğin geri qaytarılması haqqında vergi ödəyicisi vergi və ya gömrük orqanlarına ərizə verdikdən sonra Vergi Məcəlləsinin 179-cu maddəsinə uyğun olaraq həmin məbləğ büdcədən vergi ödəyicisinə qaytarılır.

Vergi Məcəlləsinin 179.1-ci maddəsinə əsasən, vergi ödəyicisi həm 18 faizlə, həm də sıfır (0) dərəcə ilə ƏDV-yə cəlb olunan əməliyyatlar aparır və sıfır (0) dərəcə ilə ƏDV-yə cəlb olunan əməliyyatları ümumi dövriyyənin 50 faizdən artıq olduğu zaman ƏDV bəyannaməsində əvəşləşdirilən ƏDV hesablanmış ƏDV-dən çox olduqda, artıq hissə vergi ödəyicisinin ərizəsi vergi və ya gömrük orqanlarına verildiyi vaxtdan 20 gündən gec olmayaraq vergi ödəyicisinə qaytarılmalıdır. Vergi Məcəlləsinin 179.2-ci maddəsinə əsasən, digər vergi ödəyiciləri ƏDV bəyannaməsində əvəşləşdirilən ƏDV hesablanan ƏDV-dən çox olduqda, artıq olan hissə vergi ödəyicisinin elektron formada ərizəsini vergi və ya gömrük orqanlarına verdiyi vaxtdan 4 aydan gec olmayaraq büdcədən vergi ödəyicisinə qaytarılmalıdır.

Misal 1:

Mehmanxana 2019-cu ilin mart ayı ərzində aldığı mal, iş, xidmətə görə podratçı təşkilatlar tərəfindən təqdim olunmuş elektron vergi hesab-fakturalarına əsasən nağdsız qaydada 118.000 manat (o cümlədən 18.000 manat ƏDV məbləği ƏDV-nin depozit hesabı vasitəsilə) ödəmişdir. Mart ayı ərzində mehmanxananın göstərdiyi xidmətlər ƏDV-siz 70.000 manat təşkil etmişdir. Bu məbləğin 35.400 manatı (o cümlədən 5.400 manatı ƏDV) ƏDV-yə 18 faiz dərəcə ilə, 40.000 manatı isə ƏDV-yə sıfır (0) dərəcə ilə cəlb olunan əməliyyatlar çərçivəsində olmuşdur. Bu halda hesablanacaq və geri qaytarılacaq vergi məbləğini müəyyən edək.

Mart ayında büdcəyə hesablanmış ƏDV məbləği 5.400 manat, əvəzləşdirilən ƏDV məbləği isə 18.000 manat olmuş, nəticədə büdcədən qaytarılmalı ƏDV məbləği 12.600 manat (5.400-18.000 = -12.600 manat) təşkil etmişdir. Mart ayında mehmanxanada ƏDV-yə sıfır (0) dərəcə ilə cəlb olunmuş dövriyyənin ümumi dövriyyədə (ƏDV-siz) xüsusi çəkisi 57,15 faiz (40.000 : 70.000x100 = 57,15%) təşkil etmişdir, deməli, 50 faizdən artıq olmuşdur. Bu zaman ƏDV bəyannaməsində əvəşləşdirilən ƏDV hesablanmış ƏDV-dən 12.600 manat artıq olduğu üçün Vergi Məcəlləsinin 179.1-ci maddəsinə əsasən, həmin məbləğ vergi ödəyicisinin ərizəsinin vergi və ya gömrük orqanlarına verildiyi vaxtdan 20 gündən gec olmayaraq büdcədən vergi ödəyicisinə qaytarılmalıdır.

Misal 2:

Tutaq ki, A MMC 2019-cu ilin yanvar ayında ƏDV bəyannaməsi təqdim edib və ƏDV bəyannaməsində əvəşləşdirilən ƏDV məbləği 10.000 manat, hesablanmış ƏDV məbləği isə 3.000 manat olmuşdur. Yanvar ayı ərzində MMC-nin göstərdiyi xidmətlərin tam dəyəri ƏDV-yə 18 faiz dərəcə ilə cəlb edilmiş əməliyyatlar çərçivəsində olmuş, yəni ƏDV-yə sıfır (0) dərəcə ilə cəlb edilən əməliyyatları olmamışdır. Bu halda hesablanacaq və geri qaytarılacaq vergi məbləğini müəyyən edək.

Yanvar ayında büdcəyə hesablanmış ƏDV məbləği 3.000 manat, əvəzləşdirilən ƏDV məbləği isə 10.000 manat olduğundan, büdcədən qaytarılmalı ƏDV məbləği 7.000 manat ( 3.000 - 10.000 = -7.000 manat ) təşkil etmişdir. Yanvar ayında MMC-nin göstərdiyi xidmətlərin tam dəyəri ƏDV-yə 18 faiz dərəcə ilə cəlb edilən əməliyyatlar olduğunu nəzərə aldıqda ƏDV bəyannaməsində əvəşləşdirilən ƏDV hesablanmış ƏDV-dən 7.000 manat artıq olduğu üçün Vergi Məcəlləsinin 179.1-ci maddəsinə əsasən həmin artıq olan 7.000 manat məbləğ vergi ödəyicisinin elektron formada ərizəsini vergi və ya gömrük orqanlarına verdiyi vaxtdan 4 aydan gec olmayaraq büdcədən vergi ödəyicisinə qaytarılmalıdır.

Hazırladı:

Fəxriyyə İKRAMQIZI

Mənbə: https://vergiler.az/news/articles/3510.html


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.