Xüsusi notariuslar nə qədər vergi ödəməlidir?2019-08-26 | Vergilər | 2969Qanunvericilikdə edilmiş son dəyişikliklərdən sonra bir çox sahələrdə tətbiq olunan vergi dərəcələri və məbləğləri, eləcə də məcburi dövlət sosial sığorta haqlarının məbləğləri dəyişib. Bir sıra sektorlarda, o cümlədən qeyri-neft sektorunda çalışan işçilərə və işəgötürənlərə, fərdi sahibkarlara, kiçik və orta biznes subyektlərinə vergi güzəştləri tətbiq edilir. Azərbaycanda xüsusi notariuslar kimi fəaliyyət göstərən şəxslər üçün də sosial ödənişlərin məbləği yenilənib. Vergi Məcəlləsinin 33.1-ci maddəsinə əsasən, vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədilə xüsusi notariuslar fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınır. Vergi Məcəlləsinin 96.1-ci maddəsinə görə, rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir. Xüsusi notarius tərəfindən bir ay ərzində aparılan notariat hərəkətlərinə, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətlərə görə alınan haqlar (xərclər nəzərə alınmadan) vergitutma obyektidir. Vergi Məcəlləsinin 101.4-cü maddəsində göstərilib ki, xüsusi notarius üçün bu Məcəllənin 96.1-ci maddəsinin ikinci bəndi ilə müəyyən edilmiş vergitutma obyektindən 10 faiz dərəcə ilə gəlir vergisi tutulmalıdır. 149-cu maddədə isə vergi hesabatlarının təqdim edilməsi müddətləri əksini tapıb. Göstərilib ki, xüsusi notariuslar hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına bəyannamə verməlidirlər. Məcəlləsinin 150.1.2-ci maddəsində qeyd olunub ki, xüsusi notariuslar eyni zamanda ödəmə mənbəyində vergi tutmağa borcludurlar. Bu, əsasən, alğı-satqı müqavilələri üzrə tutulan vergilərə aiddir. Xüsusi notariusların sosial sığorta haqlarının məbləği isə 2019-cu il yanvarın 1-dən qüvvəyə minmiş "Sosial sığorta haqqında" Qanunun 14-cü maddəsi ilə tənzimlənir. Həmin Qanunun 14.5.3-cü maddəsinə əsasən, xüsusi notariuslar üzrə məcburi dövlət sosial sığorta haqqı minimum aylıq əməkhaqqının on mislinin 25 faizi miqdarında hesablanır. Hazırda minimum əməkhaqqının məbləğinin 180 manat olduğunu nəzərə alsaq, onun 10 misli 1800 manat təşkil edir. Həmin məbləğin 25 faizi isə 450 manata bərabərdir. Sentyabrın 1-dən minimum əməkhaqqı məbləğinin artaraq 250 manata çatdırılacağı halda, gələn aydan xüsusi notariuslar üçün məcburi dövlət sosial sığorta haqlarının məbləğinin dəyişəcəyi gözlənilir. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.