Sahib Ələkbərov: Vergi borcuna görə ölkədən çıxışına qadağa qoyulmuş şəxslərin sayı artıb2019-09-18 | İqtisadiyyat | 2431“Əvvəllər vergi borcuna görə ölkədən çıxışına qadağa qoyulmuş vergi ödəyicilərinin sayı az idi. Əgər əvvəl bu onlarla ölçülürdüsə, indi minlərlədir”. Bunu “Report”a eksklüziv açıqlamasında Vergilər nazirinin müavini Sahib Ələkbərov son illər vergi borcuna görə ölkədən çıxışına qadağa qoyulmuş vergi ödəyicilərinin sayının açıqlanmaması məsələsinə aydınlıq gətirərkən deyib. S.Ələkbərovun sözlərinə görə, hazırda həmin vergi ödəyicilərinin adını VÖEN və ya FIN-koda uyğun sistemdə tapmaq mümkündür: “Hazırda respublikada 1,034 milyondan çox vergi ödəyicisi qeydiyyatdan keçib. Vergi ödəyicilərinin sayı artdıqca ölkədən getmək hüququ məhdudlaşdırılanların sayı da artır. Hamı istəyərdi ki, bu siyahıda azalma olsun və heç kim istəmir ki, ölkədən getmək hüququ məhdudlaşdırılsın”. Nazir müavini ABŞ və Avropanın bir sıra ölkələrində olduğu kimi vergidən yayınmaya görə, qanunvericiliyin sərtləşdirilməsinin tərəfdarı olmadığını qeyd edib: “ABŞ yaxud Avropanın vergi inzibatçılığının tarixi arasında kəskin fərq var. Bizim vergi inzibatçılığımız 1991-ci ildən başlayır. Çox kəskin addımlar atmaq olmaz. Diktatura metodu ilə getmək lazım deyil. Beyinlərdə dəyişiklik etmək lazımdır. İnsanlar artıq bunu başa düşməlidir”. S. Ələkbərov Baltikyanı ölkələrdə bu sahədə irəliləyişin olmasının səbəblərini də açıqlayıb: “2011-ci ildə tədbirlərin birində mən Estoniyanın Vergi və Gömrük Administrasiyasının rəhbərindən soruşdum ki, “Siz nağdsız ödənişlərə keçmişiniz. Biz də bu istiqamətdə ciddi addımlar atmaq niyətindəyik. Mənə izah edin görüm, siz hansı addımları atdınız, nə etdiniz?” Gördüm sualı başa düşmədi. Təzədən bir də izah etdim. Qayıtdı ki, “biz nə etməliyik axı?! Nağdsız ödənişlərə keçməklə bağlı qanun qəbul olundu və heç bir problem olmadı”. Bu gün Estoniyada nağd ödənişlərin həcmi ən aşağı həcmdədir. Çünki bu artıq insanların şüuruna işləyib. Amma biz yüz dəfə deyirik ki, “nə olar, siz Allah bunu eləyin. Bu lazımdır, sizə sərf edir. Digər məsələ də var ki, onlar SSRİ-nin tərkibində cəmi 40 il qalıblar. Əvvəllər isə Avropada olublar. Bu da hamısına təsir edir. Bizdə də bunun üçün zaman lazımdır. Həddindən artıq [vergi hüquqpozmalarına qarşı cəza tədbirlərini] sürətləndirmək fəlakətə gətirib çıxarır”. Mənbə: https://report.az/maliyye/heddinden-artiq-ceza-tedbirlerin-suretlendirmek-felakete-getirer/ |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.