İstifadə olunmayan pay torpaqlarına görə verginin hesablanması2019-10-29 | Vergilər | 2997Mövcud qanunvericiliyə əsasən, Azərbaycanda torpaq sahələri vergitutma məqsədləri üçün 3 kateqoriyaya bölünüb: a) kənd təsərrüfatı üçün nəzərdə tutulan və təyinatı üzrə istifadə olunan; b) kənd təsərrüfatı üçün nəzərdə tutulan, lakin təyinatı üzrə istifadə olunmayan; c) digər təyinatlar (yaşayış, sənaye, nəqliyyat və s.) üzrə istifadə olunan torpaqlar. Qeyd olunan torpaq sahələrinin hər bir kateqoriyasına görə Vergi Məcəlləsində ayrı-ayrı vergi dərəcələri nəzərdə tutulub. Torpaq sahələrinin hər bir kateqoriyası üzrə həmin sahələrin yerləşdiyi ərazidən asılı olaraq torpaq vergisinin hesablanması üçün Vergilər Nazirliyinin saytının "Faydalı" bölməsinin "Vergi kalkulyatoru" hissəsində yerləşdirilmiş "Torpaq vergisinin hesablanması" hesablayıcı kalkulyatorundan istifadə edə bilərsiniz. Torpaq vergisinin dərəcələri Vergi Məcəlləsi ilə müəyyən edilir, lakin bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcəsini azaltmaq barədə qərar qəbul edə bilərlər. Bununla belə, tədiyyə bildirişində qeyd etdiyiniz məlumatların göstərilməsi qanunvericilikdə nəzərdə tutulmayıb. Tədiyyə bildirişində fiziki şəxsin adı, soyadı, atasının adı, ünvanı, o cümlədən ötən dövrlər üzrə vergi borcu və faiz məbləği göstərilir. Mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan fiziki şəxs torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə ərizə ilə vergi orqanına müraciət etməlidir. Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli (I və II qrup əlillər, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar istisna olmaqla, 15 yaşından "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər) ailə üzvlərinin hər biri üçün (alınan əmlak və torpaqpayı hesabına şəxsi yardımçı və digər təsərrüfatlar daxil olmaqla) minimum aylıq əməkhaqqının 6 faizi miqdarında sosial sığorta haqqı hesablanır. Mülkiyyətində kənd təsərrüfatına yararlı torpaqları olan vergi orqanında uçota alınan şəxs bu torpaqdan istifadə etmədiyi dövr üçün "Sosial sığorta haqqında" Qanunun 10-cu maddəsinin müddəalarına əsasən, Vergi Məcəlləsində müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) hesabat əvəzinə, hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq fəaliyyətin olmaması barədə arayış təqdim etmək hüququ vardır. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.