e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Mühasibat uçotunda səhvlərin düzəldilməsi

2019-11-07 | Mühasibat uçotu | 4338

Mühasibat uçotu qarşısında qoyulan tələblərdən biri də təsərrüfat əməliyyatlarının düzgün əks etdirilməsidir. Mühasibat uçotunda və hesabatlarda keçmiş dövrlər üzrə buraxılmış səhvlər vaxtında aşkar edilib düzəldilməlidir. Mövzunu BSC konsalting şirkətinin maliyyə direktoru Arzu Xəlilova şərh edir.

Mühasibat uçotundakı səhvlərin düzəldilməsi qaydası səhvin vaxtına və mahiyətinə bağlıdır. Mühasibat uçotunda səhvlərin mahiyyətini təşkilat özü müəyyənləşdirir. Səhvlər müxtəlif səbəblərdən baş verə bilər:

  • mühasibat uçotu qanunvericiliyindən sui-istifadə olunur;
  • uçot siyasətinə düzgün əməl edilmir;
  • hesablamalarda səhvə yol verilir;
  • yanlış təsnifləşdirmə aparlır, iqtisadi fəaliyyət faktları düzgün qiymətləndirilmir və s.

Səhvlərin düzəldilməsində bir neçə üsul tətbiq olunur:

  • korrektura;
  • əlavə yazılış;
  • qırmızı storno.

Bu və ya digər üsulun tətbiqi səhvin xarakterindən və onun aşkara çıxarılması müddətindən asılıdır.

Məbləğləri hesablayan zaman buraxılmış səhvlər yekun göstəriciləri müəyyən edənə qədər aşkar edildikdə onlar korrektura üsulu ilə düzəldilir.

Səhvlərin düzəlməsi haqqında Mühasibat Uçotunun Beynəlxalq Standartında geniş qeyd edilib. 8 №-li Beynəlxalq Standartda keçmiş dövrlərin səhvləri dedikdə müəssisənin bir və ya bir neçə əvvəlki dövrlərini əhatə edən maliyyə hesabatlarında aşağıdakı şərtləri təmin edən etibarlı məlumatdan istifadə edilməməsi və ya səhv təqdim edilməsi nəticəsində buraxılmış səhvlər və edilmiş yanlış bəyanatlar nəzərdə tutulur:

  • məlumat həmin dövrlərin maliyyə hesabatları dərc olunmaq üçün razılıq verildiyi zaman mövcud olduqda;
  • məlumatın həmin maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi zamanı əldə edilməsi və uçota alınması məntiqi olaraq mümkün hesab edildikdə.

Belə səhvlərə riyazi və uçot siyasətinin tətbiq edilməsi zamanı buraxılan səhvlər, faktların gözdən qaçırılması və ya səhv izah edilməsi və saxtakarlıq daxildir.

Retrospektiv tətbiqetmə - yeni uçot siyasətinin əməliyyatlara, digər hadisə və şərtlərə onun sanki həmişə tətbiq edildiyi şəkildə tətbiq edilməsidir.

Retrospektiv qaydada təkrar təqdimat - maliyyə hesabatları elementlərinin məbləğlərinin tanınması, ölçülməsi və açıqlanmasına dair keçmiş dövrlərin səhvlərinin sanki heç olmadığı kimi düzəldilməsidir.

ƏDV dövrünün dəqiqləşdirilməsi, düzəldilməsi Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 163-cü maddəsi ilə tənzimlənir. Dəqiqləşdirmə qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə aparılır.

Səhv və ya yanlış təqdim edilmiş bəyanatların istifadəçilərin iqtisadi qərarlarına təsirinin və beləliklə əhəmiyyətliliyinin qiymətləndirilməsini, həmin istifadəçilərin xüsusiyyətlərinin təhlilini tələb edir. "Maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi üzrə Konseptual Əsaslar"ın 25.2-ci maddəsində "istifadəçilərin biznes, iqtisadi fəaliyyət və mühasibat uçotu üzrə əsaslı biliklərə malik olduqlarının və informasiyanı öyrənmək üçün əsaslı səylərə hazır olduqlarının ehtimal olunduğu"qeyd edilir. Beləliklə, bu xüsusiyyətlərə malik istifadəçilər tərəfindən iqtisadi qərarların qəbul edilməsinə məntiqi olaraq hansı təsirin gözlənilə biləcəyi qiymətləndirmə zamanı nəzərə alınmalıdır.

Hazırladı:

Fəxriyyə İKRAMQIZI

Mənbə: https://vergiler.az/news/economy/5306.html


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.