e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

GRBS Şirkətlər Qrupu və Auditorlar Palatası "Mühasibat Uçotu üzrə Milli Sertifikat"ları təqdim ediblər.

2013-08-15 | Mühasibat uçotu | 3450

Bu gün GRBS Beynəlxalq Tədris Mərkəzində "Mühasibat Uçotu üzrə Milli Sertifikat' (beynəlxalq əsaslar) imtahandan uğurla keçənlərin mükafatlandırılma mərasimi keçirilib.

Milli mükafatları GRBS Beynəlxalq Tədris Mərkəzi ilə Azərbaycan Auditorlar Palatası təqdim edib.

GRBS Beynəlxalq Tədris Mərkəzi ilə Azərbaycan Respublikasının Auditorlar Palatasının diplom və sertifikatları ilə 13 qadın və 39 kişi təltif olunub. İmtahan iştirakçılarının 5 nəfəri ən yüksək bal toplayaraq "Mühasibatlıq uçotu üzrə Milli Diplom"a layiq görülüb.

Qeyd edək ki, milli mükafatlar "Mühasibatlıq Uçotu üzrə (beynəlxalq əsaslarla) Milli Mükafat", "İdarəetmə uçotu", "Vergi uçotu", "Beynəlxalq maliyyə hesabatı standartları (beynəlxalq əsaslarla)" üzrə təqdim olunub.

Tədbirdə çıxış edən GRBS Şirkətlər Qrupunun rəhbəri Bəhram Qurbanov bildirib ki, bugünkü tədbir olduqca mühüm hadisədir. B. Qurbanov deyib ki, GRBS MDB məkanında lider, təşkilat akkreditasiyalarının sayına görə isə öz sahəsi üzrə dünyada ilk beşlikdə durur: "Siz öz gələcəyinizə sərmayə yatırdınız, imtahan verdiniz, bu gün isə həmin imtahanın nəticəsinə görə beynəlxalq səviyyəli diplom və sertifikatlarla təltif olunacaqsınız. Burada əsas diplom deyil, sizin işinizə nə ilə qayıdacağınızdır".

B. Qurbanov bildirib ki, GRBS 2009-cu ildə Auditorlar Palatası ilə birgə Azərbaycanda ilk və yeganə olan Azərbaycanın auditor və mühasibləri üçün tərtib olunmuş beynəlxalq statuslu Mühasibat Uçotu üzrə Milli Kvalifikasiyanın əsasını qoyub.

"Biz inanırıq ki, bizdən sonra da bu cür addımlar atılacaq. Lakin bizim üçün əsas olan bütün paytaxtdan tutmuş ölkənin bütün şəhər və kəndlərində, bir sözlə, hər yerdə olan mühasib və auditorların öz biliklərini artırmaları və beynəlxalq səviyyədə tanınmalarıdır. Əvvəllər bu cür dərəcəyə yiyələnmək üçün xarici dil tələb olunurdusa, artıq öz dilimizdə buna nail olmaq mümkündür. Siz uğurlu insanlarsınız, bu cür Azərbaycan vətəndaşlarına diplom və milli sertifikatların təqdim etməkdən qürur duyur və sizləri təbrik edirəm", - deyə GRBS rəhbəri qeyd edib.

Tədbirdə mükafatlandırılanları təbrik edən Azərbaycan Auditorlar Palatasının aparatının rəhbəri Qəşəm Bayram isə qeyd edib ki, bu cür kurslarda iştirak edərək beynəlxalq səviyyəli standartlara yiyələnmək ölkə iqtisadiyyatına böyük töhvədir.

"Auditorlar Palatası 30-a yaxın xarici ölkənin mühasibat və auditor şirkətləri ilə əməkdaşlıq edir. Biz Avropanın Mühasib və Auditorlar Palatasının, Beynəlxalq Mühasiblər Federasiyasının həqiqi üzvüyük və öz öhdəliklərimiz var. Eyni zamanda Azərbaycan Respublikasının Auditorlar Palatası Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC) tamhüquqlu üzvü olmaqla, ACCA-in Azərbaycanda yeganə akkreditə olunmuş tədris tərəfdaşı GRBS ilə birgə sizləri beynəlxalq səviyyəli Milli Sertifikatlar mükafatlandırırıq",- deyə o vurğulayıb.

Qeyd edək ki, Mühasibat Uçotu üzrə Milli Sertifikat kvalifikasiyası mühasibat uçotunun beynəlxalq əsasları barədə anlayış yaratmaqla bərabər, onun tətbiqi və maliyyə hesabatlarında beynəlxalq standartların rolu barədə tam praktik biliklə təmin edir. Bu yolla sözügedən sahədə səriştəli və sertifikatlaşdırılmış mütəxəssislər hazırlayır.

Mənbə: www.apa.az


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.