Vergi ödəyicisinin ödəmələri seçdikləri metoda görə dəyişir2019-11-13 | Vergilər | 4397Vergi Məcəlləsinə əsasən, gəlir vergisi ödəyiciləri hər rübün sonunda növbəti ayın 15-dək cari vergi ödəmələrinin hesablanması haqqında arayış təqdim etməlidirlər. Həmin sənəddə ödəniləcək vergilərin hansı metodla hesablanmasını göstərməlidirlər. Qanunvericiliyin tələblərini şərh edən iqtisadçı ekspert Radil Fətullayev bildirib ki, Vergi Məcəlləsinin 130.4-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi ili ərzində eyni metodu tətbiq etmək şərti ilə vergilərin uçotunu kassa metodu və ya hesablama metodu ilə apara bilər. Məcəllənin 131-ci maddəsində göstərilib ki, kassa metodu ilə uçot aparan vergi ödəyicisi gəliri əldə edəndə və ya gəlir onun sərəncamına veriləndə, bu gəliri nəzərə almalı və gəlirdən öz xərclərini yalnız bu xərcləri çəkdiyi zaman çıxmalıdır. Vergi Məcəlləsinin 134-cü maddəsinin tələbinə görə, hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır. Mühasibat uçotunun əsas prinsiplərindən biri hesablama və kassa metodlarının tətbiqidir. Uçotda gəlir və xərcin tanınmasının 2 prinsipi var: kassa prinsipi və hesablama prinsipi. Vergi Məcəlləsinə görə, həm kassa metodunun, həm də hesablama metodunun tətbiqinə icazə verilir. Bunu vergi ödəyicisi aprel ayının 15-dək vergi orqanına müraciət edərkən arayış vasitəsilə bildirir. Cari vergi ödənişi haqqında arayışlarda hansı metodu seçdiyi əks olunur. Gəlir və mənfəət vergisi ödəyiciləri bu arayışı mütləq təqdim etməlidirlər. Orada hansı metodu seçməsindən asılı olaraq vergi ödəyicisinin ödəmələri də dəyişir. Kassa metodu tətbiq edən vergi ödəyicisi tərəfindən mal və xidmətin təqdim edilməsindən sonra, əgər ödəniş hələ daxil olmayıbsa, o zaman buna görə həmin məbləğ vergiyə cəlb olunmur. Məsələn, tutaq ki, vergi ödəyicisi dövr ərzində 40 min manatlıq elektron qaimə-faktura yazıb. Öz uçot siyasətində də qeyd edib ki, hesabatı kassa metodu əsasında təqdim edəcək. 40 min manatlıq e-qaimə göndərməsinə baxmayaraq, müəssisənin bank hesabına cəmi 10 min manat gəlir daxil olub. Bu zaman vergi ödəyicisi 10 min manata görə həmin məbləğin 20 faizini gəlir vergisi kimi hesablayıb ödəməlidir. Burada mikro sahibkarlar üçün müəyyən güzəştlər nəzərdə tutulub. Əgər, bu halda, hesablama metodu tətbiq edərsə, o zaman dövr ərzində müəssisənin göstərdiyi xidmətə, gördüyü işlərə görə elektron qaimə-fakturada əks etdirilən məbləği vergiyə cəlb ediləcək. Bəzən elə əməliyyatlar ola bilər ki, xidmətin göstərilməsi ilə ödəniş üst-üstə düşsün. O zaman vergi hesablanması hesablama metodu əsasında həyata keçiriləcək. Hesablama metodunun mahiyyəti budur ki, gəlir və xərc baş verdiyi anda onu uçota almaq və vergiyə cəlb etmək mümkün olsun. Kassa metodu isə gəlir və xərc baş verdiyi anda deyil, onun nəticəsinin ödənişlə əks etdirildiyi anda hesabatda gəlir və xərc kimi tanınır. Mühasiblər uçot siyasətini qurarkən bu metodlardan birini seçmək üçün mütləq müəssisəsindəki əməliyyatların xarakterinə diqqət etməlidirlər. Əgər xidmət göstəriləndən sonra ödəniş gec baş verirsə, kassa metodunun seçilməsi məsləhətdir. Xidmətin göstərilməsi ilə ödəniş arasında müddət fərqi az olduqda hesablama metodunun seçilməsində problem yaranmır. Fərqanə ALLAHVERDİQIZI |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.