Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər təkrar mənzil bazarının canlanmasına səbəb olacaq2019-11-19 | İqtisadiyyat | 2445Milli Məclisdə müzakirəyə çıxarılan Vergi Məcəlləsinə bir sıra dəyişikliklər təklif olunub. Onlardan biri daşınmaz əmlak satışı ilə bağlıdır: təklifə əsasən, fiziki şəxslər qeydiyyatda olduqları yaşayış sahələrini təqdim edərkən vergi güzəşti əldə edəcəklər. Əgər onların qeydiyyatı 3 ildən artıq olarsa, bu zaman əmlak satışından əldə etdikləri gəlirlər vergiyə cəlb edilməyəcək. Qeyd edək ki, hazırda bu müddət 5 ildir. Eyni zamanda fiziki şəxslərin xüsusi mülkiyyətində olan yaşayış sahələrinin 30 kvadratmetr olan sahəsinin də vergidən azad edilməsi təklif edilib. Yenilikləri şərh edən əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə əmlak satışı ilə bağlı Vergi Məcəlləsinə təklif edilən dəyişiklikləri müsbət qiymətləndirib. Onun fikrincə, yenilik təkrar mənzil bazarının canlanmasına səbəb olacaq: "İlk növbədə, bu dəyişikliklər alğı-satqı əməliyyatlarının davamlı olaraq artması ilə nəticələnəcək. Vətəndaşların bir hissəsi öz kapitallarını, gələcək üçün saxlamaq istədikləri pullarını daşınmaz əmlakda saxlamağa üstünlük verirlər. Lakin vergi ilə bağlı məsələlər onları daşınmaz əmlaka investisya etməkdən çəkindirir. Düşünürlər ki, gələcəkdə həmin əmlakı satışa çıxardıqda əlavə vergi vermək məcburiyyətində qalacaqlar və son nəticədə bu əməliyyatlarda zərər edəcəklər. Buna görə də əmlak biznesi ilə məşğul olan şəxslər bir qədər gözləmə mövqeyinə çəkilmişdilər. Əlavə vergi ödəmək istəmirdilər. Vergi Məcəlləsinə təklif olunan yeni dəyişikliklər həmin şəxslərin biznesini canlandırmağa təkan verəcək". Qüvvədə olan qanunvericiliyin əmlakların qiymətlərinə də təsir göstərdiyini vurğulayıb: çox vaxt vətəndaşlar öz əmlaklarını 5 ildən tez müddətdə satdıqda vergiyə cəlb olunacaqlarını biləndə həmin məbləği əmlakın satış qiymətinin üzərinə əlavə edirdilər və bu, bazarda qiymətlərin bahalaşmasına səbəb olurdu. Əmlaklar baha olanda isə, bazarda alıcıların sayı azalır: "Daşınmaz əmlak bazarında təklif azaldıqca tələb artırsa, qiymətlərin enməsini müşahidə etmək mümkün deyil. Çünki tələbat yüksək səviyyədə olur. Yeni dəyişikliklər, ilk növbədə, əmlak alğı-satqısında əməliyyatların həcminə müsbət təsir göstərəcək. Gələn ildən əməliyyatların intensivləşməsi gözlənilir". R.Qasımzadənin sözlərinə görə, vergi yükünün bir qədər azaldılması və müddətin 3 ilə endirilməsi daşınmaz əmlak bazarında qiymətlərin nisbətən ucuzlaşmasına səbəb ola bilər. Bu baxımdan, vergi yükünün azaldılması ümumilikdə bazardakı dinamikaya müsbət təsir göstərəcək. Fərqanə ALLAHVERDİQIZI |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.