ƏDV-nin kassa metodu əsasında hesablanması mütərəqqi yeniliklərdən biridir2019-12-05 | Vergilər | 3189Dekabrın 3-də Vergilər Nazirliyində Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərin əsas istiqamətləri ilə bağlı keçirilən brifinqdə Nazirliyin Vergi siyasəti Baş İdarəsinin rəisi Samirə Musayeva əlavə və dəyişikliklərin əsas məzmunu, başlıca istiqamətləri, iqtisadi hədəfləri və alətləri haqqında kütləvi informasiya vasitələrinin nümayəndələrinə ətraflı məlumat verib. ƏDV inzibatçılığının təkmilləşdirilməsi istiqamətinə toxunan S.Musayeva qarşıdakı ildən etibarən ƏDV-nin kassa metodu əsasında hesablanmasının mütərəqqi yenilik olduğunu diqqətə çatdıraraq qeyd edib ki, dəyişikliyə qədər mövcud olan qayda ƏDV ödəyicilərinə inzibatçılığın qurulmasında çətinliyin yaranmasına və maliyyə yükü ilə üzləşməsinə səbəb olurdu. Belə ki, ƏDV tutulan əməliyyatın vaxtının müəyyən edilməsinin qanunla müəyyən olunmuş bir neçə halla şərtləndirilməsi ƏDV inzibatçılığını mürəkkəbləşdirir və vergi ödəyicisinə ƏDV tutulan əməliyyatın vaxtının müəyyən edilməsində çətinliklər yaradırdı. Eyni zamanda, bir çox hallarda təqdim edilmiş malların (işlərin, xidmətlərin) tam dəyəri alıcı tərəfindən ödənilmədiyi halda (və yaxud 30 gündən sonra ödənildiyi hallarda), satıcı daxil olmayan pul vəsaitinə görə ƏDV hesablamağa və ödəməyə borclu idi ki, bu da vergi ödəyicisinin maliyyə yükünü artırmış olurdu. Yeni dəyişikliklər isə ƏDV ödəyiciləri tərəfindən ƏDV tutulan əməliyyatın vaxtının müəyyən olunmasında inzibatçılığı əhəmiyyətli dərəcədə yüngülləşdirməklə yanaşı, vergi ödəyicisinin maliyyə vəsaitinə qənaət etməsinə gətirib çıxaracaq. Bu istiqamət ƏDV inzibatçılığı ilə bağlı bir neçə dəyişikliyi özündə əks etdirir. Bunlar - ƏDV tutulan əməliyyatın vaxtının təqdim edilmiş mala (işə, xidmətə) görə pul vəsaitinin vergi ödəyicisinin sərəncamına daxil olduğu vaxtla müəyyən edilməsi; ƏDV tutulan əməliyyatlar üzrə ödənilmiş ƏDV-nin əvəzləşdirilməsi hallarının və vaxtının dəqiqləşdirilməsi və ödənilmiş ƏDV-nin elektron qaimə-faktura əsasında əvəzləşdirilməsi ilə bağlı yeniliklərdir. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.