e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Kameral vergi yoxlaması

2019-12-06 | Vergilər | 3227

Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Mövzunu Vergilər nazirliyi yanında Tədris Mərkəzinin baş müəllimi Fariz Yadigarov şərh edir.

2019-cu ildən "Sosial sığorta haqqında" və "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikasının Qanunları ilə müəyyən edilmiş məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə yığım və nəzarət vergi orqanlarının funksiyalarına daxil edildiyindən həmin yığımlar üzrə tərtib edilməli hesabat və digər sənədlərin qanunvericiliyə uyğunluğunun yoxlanılması da kameral vergi yoxlamasının predmetinə aid olunur. Kameral vergi yoxlaması vergi ödəyicisi və ya sığortaedən tərəfindən vergi bəyannaməsinin və ya məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqqı üzrə hesabatların, vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir.

Vergi bəyannamələri, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqqı hesabatları üzrə kameral vergi yoxlamaları qanunvericiliklə müəyyən olunmuş prosedurlara uyğun olaraq 2 istiqamətdə həyata keçirilir:

Vergilər Nazirliyi tərəfindən riyazi və məntiqi əsaslarla müəyyən edilən müvafiq risk meyarlarına uyğun olaraq AVİS proqram təminatı vasitəsilə elektron qaydada aparılan yoxlamalar; Qanunvericiliklə müəyyən edilən müxtəlif risk meyarları nəzərə alınmaqla fərdi qaydada aparılmış təhlillər və əldə edilmiş məlumatlar əsasında AVİS-dən kənar aparılan yoxlamalar. Vergi ödəyiciləri tərəfindən elektron və ya kağız formasında təqdim olunan bəyannamələr, hesabatlar və ya arayışlar proqram təminatına – yəni AVİS-in məlumat bazasına daxil edildikdən sonra riyazi və məntiqi əsaslarla müəyyən edilən müxtəlif risk meyarları üzrə elektron şəkildə mərkəzləşmiş və ya fərdi qaydada uyğunsuzluq yoxlamasından keçirilir. Elektron şəkildə mərkəzləşmiş qaydada uyğunsuzluq yoxlaması zamanı bəyannamələr, hesabatlar və ya arayışlardakı uyğunsuzluqlar sistem tərəfindən avtomatik yoxlanılır və hər vergi bəyannaməsi, hesabat və ya arayış formasının özünə aid olan uyğunsuzluqlar aşkar edilərək qeyd edilmiş bəyannamə, hesabat və ya arayışla əlaqələndirilir.

Daxil olmuş bəyannamələr, hesabatlar və ya arayışların siyahısından uyğunsuzluq yoxlamasından keçirilməyən bəyannamə, hesabat və ya arayışlar seçilərək fərdi qaydada uyğunsuzluqdan keçirilə bilər.

Kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə, hesabat və ya arayışlarla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya qanunvericiliyin pozulması ilə bağlı şübhəli məqam aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir.

Kameral yoxlama nəticəsində vergi bəyannaməsində, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqqı üzrə hesabatlarda vergilərin və sığorta haqlarının düzgün hesablanmaması – yəni müvafiq məbləğlərin az göstərilməsi aşkar edildikdə, vergi ödəyicisinə və ya sığortaedənə 5 iş günü müddətində vergilərin və sığorta haqlarının hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Bu qərarda hesablamanın səbəbləri və vergi ödəyicisinin Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilir.

Ödənilməli olan vəsaitin düzgün hesablanmadığı hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır.

Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin və sığorta haqlarının hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə və ya sığortaedənə dəqiqləşdirilmiş hesabatın təqdim edilməsi üçün bildiriş göndərir və vergi ödəyicisinin bu bildirişə cavabına uyğun olaraq qanunvericiliklə müəyyən edilən müvafiq prosedurlar yerinə yetirilir.

Hazırladı:

Fəxriyyə İKRAMQIZI

Mənbə: https://vergiler.az/news/taxes/6013.html


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.