Vergi ödəyiciləri hansı xüsusiyyətlərinə görə fərqləndiriləcək?2019-12-28 | Vergilər | 3089Riskli əməliyyatlar aparan vergi ödəyicilərinə qarşı mübarizənin gücləndirilməsi, habelə bu cür əməliyyatların vergiyə cəlb olunması ilə bağlı kompleks tədbirlərin görülməsi məqsədilə Vergi Məcəlləsinə müəyyən dəyişikliklər edilib. Dəyişikliklər əmtəəsiz əməliyyatlar üzrə yaranan vergi öhdəliklərinin benefisiar (faydalanan) şəxsin üzərinə qoyulması, əmtəəsiz və riskli əməliyyatlar çərçivəsində əldə olunan sənədlərin gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilməməsi, əmtəəsiz və riskli əməliyyatlar çərçivəsində aparılan əməliyyatlar üzrə ödənilmiş ƏDV-nin əvəzləşdirilməməsini, eləcə də riskli vergi ödəyicilərinin meyarlarının müəyyən edilməsi ilə bağlı hüquqi bazanın yaradılmasını nəzərdə tutur. İqtisadçı ekspert Ruslan Atakişiyev xatırladıb ki, Vergi Məcəlləsinə 2019-cu il yanvarın 1-dən qüvvəyə minmiş dəyişikliklərə əsasən, sadələşdirilmiş vergi ödəyicilərinin fəaliyyət dairəsi bir qədər daraldılmışdı: "Hüquqi şəxslərə və digər şəxslərə xidmət göstərən sadələşdirilmiş vergi ödəyicisi avtomatik olaraq gəlir vergisi ödəyicisinə çevrilmişdi. Əvvəllər sadələşdirilmiş vergi ödəyiciləri olan fiziki şəxslər, şirkətlər ƏDV-yə cəlb edilməmək üçün çoxlu sayda sadələşdirilmiş vergi ödəyicisi ola biləcək şirkətlər yaradırdılar. Son dəyişikliklərin məqsədindən biri də belə halların qarşısını almaqdır". Qanunvericiliyə yeni dəyişikliklərə əsasən, hər hansı şirkət, sadələşdirilmiş vergi ödəyicisi işin, xidmətin, əmtəənin olmasını göstərməli olacaq: "Bir sıra hallarda, məsələn, tikinti sektorunda çalışan şirkətlərdə mal-materiallar başqa yerdən alındığı halda digər şirkətin adına rəsmiləşdirilirdi. İndi baxılacaq ki, həmin şirkət bu malları mədaxil edib, yoxsa anbarından götürüb? Bu kimi məsələlər yoxlanılacaq". Xatırladaq ki, Vergilər Nazirliyinin Vergi siyasəti Baş İdarəsinin rəisi Samirə Musayeva mediaya açıqlamsında riskli vergi ödəyicilərinə münasibətdə bir sıra kompleks məhdudlaşdırmaların tətbiq ediləcəyini bildirib. Onun sözlərinə görə, riskli vergi ödəyiciləri barədə məlumatlar kommersiya və vergi sirri olmayan məlumat hesab ediləcək, vergi ödəyicisi riskli vergi ödəyicisi meyarına uyğun gəldiyi halda, bu, növbədənkənar səyyar vergi yoxlamasının və operativ vergi nəzarəti tədbirinin aparılmasına əsas kimi müəyyən ediləcək. Bununla yanaşı, vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda, vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq hüququ olacaq. Belə ödəyicilərə münasibətdə vergi öhdəliyinin yerinə yetirilməsi müddəti uzadılmayacaq, həmin ödəyicilərin artıq ödənilmiş vəsaiti vergi ödəyicisinin fəaliyyəti üzrə vergi nəzarəti tədbirləri tam başa çatdıqdan sonra qaytarılacaq və riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər əvəzləşdirilməyə əsas verən sənəd hesab edilməyəcək. Fərqanə ALLAHVERDİQIZI |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.