Məcburi dövlət sosial sığorta haqlarının hesablanması2020-01-29 | Kadr işi | 3360Məcburi dövlət sosial sığorta haqlarının tətbiqi 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minən "Sosial sığorta haqqında" Qanunun tələblərinə uyğun tənzimlənir. Qanunvericiliyin tələblərini şərh edən iqtisadçı ekspert, İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin müəllimi Emin Kazımov bildirib ki, Qanunun 14-cü maddəsində məcburi dövlət sosial sığorta haqlarının sığortaedənlərin fəaliyyət növünə uyğun müəyyən edilərək hesablanması və toplanması qaydaları öz əksini tapıb. "Sosial sığorta haqqında" Qanuna əsasən, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər ölkə üzrə müəyyən edilən minimum aylıq əməkhaqqının ticarət və tikinti sahəsində 50 faizi, digər sahələrdə isə 25 faizi nisbətində məcburi dövlət sosial sığorta haqqı hesablayıb ödəməlidirlər. Qeyd etməliyik ki, Qanun dəyişdirilməzdən öncə digər sahələr üçün 20 faiz tətbiq edilirdi. Bakı şəhərində həmin faizlərin hamısı, Gəncə və Sumqayıtda 90 faizi, respublika tabeli şəhərlərdə 60 faizi, kənd yerlərində isə 50 faizi tətbiq edilirdi. Məsələn, Bakıda ticarət fəaliyyəti ilə məşğul olan bir fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs aylıq 125 manat (minimum aylıq əməkhaqqının 50 faizi), hər hansı rayonun kəndində eyni sahədə fəaliyyət göstərən başqa bir şəxs isə 62,50 manat (minimum aylıq əməkhaqqının 50 faizinin yarısı) miqdarında sosial sığorta haqqı ödəyirdi. Son dəyişikliklərdən sonra bu fərqləndirmə aradan götürülərək hər iki şəxsə eyni qayda tətbiq edilməklə 125 manat tətbiq edilir. 1 yanvar 2020-ci il ildən məcburi dövlət sosial sığorta haqqı ödənişində ölkə üzrə vahid qayda tətbiq edilir. Artıq ticarət və tikinti sahələrinə aid edilməyən digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarlar isə minimum aylıq əməkhaqqının 20 yox, 25 faizi nisbətində məcburi dövlət sosial ayırmaları ödəməlidirlər.
|
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.