Elektron alış aktı forması aktivləşdirilib2020-02-03 | Vergilər | 32402020-ci il yanvarın 1-dən Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, Məcəlləyə "Malların alış aktı" adlı 71-2-ci maddə əlavə edilib. Məcəllənin 71-2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 130.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir. Vergi Məcəlləsinin 71-2.2-ci maddəsində isə göstərilib ki, elektron alış aktının forması, tətbiqi, uçotu və istifadəsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. Məcəllənin 71-2.3-cü maddəsinə görə, vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir. Həmin müddəaları şərh edən iqtisadçı ekspert Anar Bayramov bildirib ki, vergi ödəyicisi malların alış aktları ilə mal aldıqda 5 gün müddətində elektron alış aktı da tərtib edəcək. Malların alış aktı sırf vergi ödəyicisi olmayan şəxslər tərəfindən mallar alındıqda tərtib olunur. 1 yanvar 2020-ci il tarixdən etibarən tətbiq edilən elektron alış aktlarının vergi orqanlarına təqdim olunması nəticəsində isə artıq vergi orqanı elektron bazada malların alış aktı vasitəsilə malları satan şəxslər haqqında məlumat toplayaraq emal etmək imkanına malik olacaq.
Misal 1:
"A" MMC malların alış aktı sənədi ilə bazarda F. Qasımovdan 3.000 manatlıq kənd təsərrüfatı malları alıb. Bu zaman malların alış aktı tərtib olunsa da, vergi orqanına 5 gün ərzində elektron alış aktı təqdim olunmalıdır. Vergi orqanı elektron alış sənədi ilə həyata keçirilən əməliyyatlar üzrə vergi ödəyicisi olmayan F.Qasımovun dövriyyəsi haqqında məlumat əldə etmiş olacaq. Vergi ödəyicisi elektron alış aktı ilə yanaşı, kağız əsaslı malların alış aktını da tərtib etməlidir. Amma bir halda kağızda malların alış aktının tərtib edilməsinə ehtiyac olmaması mümkündür. Bu məsələyə Vergi Məcəlləsinin 71-2.3-cü maddəsində aydınlıq gətirilib. Həmin maddəyə əsasən, vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir.
Misal 2:
"A" MMC vergi ödəyicisi olmayan M.Əliyevdən 200 manatlıq kənd təsərrüfatı məhsullarını qəbul edir. Vergi ödəyicisi olmayan şəxs tərəfindən malların təqdim edilməsi vergi ödəyicisinin ərazisində baş verdiyi üçün vergi ödəyicisi elektron alış sənədini hazırlayaraq vergi ödəyicisinə imzalatdırır. Bu proses zamanı "Malların alış aktı"nın imzalanmasına ehtiyac yoxdur. "Malların alış aktı" və ya elektron alış sənədi sırf malların alışını təsdiq edən sənəd hesab olunur. Vergi ödəyicisi malları vergi ödəyicisi olmayan şəxslərdən nağd şəkildə əldə etdikdə kassa məxaric orderi yazıb, qarşı tərəfin şəxsiyyət vəsiqəsinin surətini ona əlavə etməlidir. Onu da deyək ki, Vergilər Nazirliyi artıq elekton alış aktı formasını elektron qaimə-faktura bölməsində aktivləşdirib. Proqram təminatında "Yeni akt" adı ilə təqdim olunan bölmədə iki növ: onlayn və kağız daşıyıcında təqdim olunan akt forması qeyd olunub. Elektron alış aktında vergi ödəyicisi olmayan qarşı tərəfin şəxsiyyət vəsiqəsində qeyd edilən FİN, adı, soyadı, atasının adı, telefon nömrəsi, alınan malın kodu, adı, miqdarı, məbləği və s. məlumatlar qeyd edilir. Bundan əlavə, elektron alış aktına "vergiyə cəlb olunan" və "vergidən azad olunan" sətirləri də əlavə edilib. Qeyd edək ki, Vergi Məcəlləsinin 101.6-cı maddəsinə əsasən, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin "Nağdsız hesablaşmalar haqqında" Qanunun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi tutulur. Bu cür hesablaşmalar zamanı "vergiyə cəlb olunan" sətri seçilməlidir. Fərqanə ALLAHVERDİQIZI |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.