Vakansiyalar barədə məlumat verməyənlər məsuliyyət daşıyır2020-02-07 | Kadr işi | 3100İnzibati Xətalar Məcəlləsinin 540-cı maddəsində məşğulluq haqqında qanunvericiliyin pozulmasına görə işəgötürənlərin üzərinə məsuliyyət qoyulub. Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir. Məcəllənin 540.1-ci maddəsinə əsasən, işəgötürən tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), həmin orqanın göndərişi ilə işə qəbul edilənlər, o cümlədən kvota üzrə işə qəbul edilənlər və işdən çıxarılanlar haqqında aylıq hesabatların təqdim edilməməsinə görə 300 manatdan 500 manatadək məbləğdə cərimə edilir. Digər müddəada isə vakansiyaların gizlədilməsi ilə bağlı cərimələrin məbləği müəyyən edilib. İnzibati Xətalar Məcəlləsinin 540.2-ci maddəsinə əsasən, işəgötürən tərəfindən yeni iş yeri yarandığı və ya iş yeri boşaldığı gündən ən geci 5 (beş) iş günü müddətində əməkhaqqı göstərilməklə bu barədə məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada və formada mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməməsinə görə 500 manatdan 1.000 manatadək məbləğdə cərimə edilir. Məcəllədən göründüyü kimi, işəğötürən boş iş yerləri haqqında konkret olaraq 5 gün müddətində məlumat təqdim etməsə, 500 manatdan 1.000 manatadək cərimə olunacaq. İkinci cərimə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göndəriş təqdim etdiyi halda işəgötürən tərəfindən ən geci 5 iş günü müddətində boş iş yerinin tutulub-tutulmaması ilə bağlı qərarı təqdim etməməsinə görə tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 540.3-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi təqdim edildiyi gündən işəgötürən tərəfindən ən geci 5 (beş) iş günü müddətində boş iş yerinin tutulub-tutulmaması ilə bağlı qərarın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməməsinə görə 300 manatdan 500 manatadək məbləğdə cərimə edilir. Fərqanə ALLAHVERDİQIZI |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.