e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Vergi öhdəliklərinin müəyyən edilməsi məqsədilə...

2020-02-15 | Vergilər | 2559

Vergi Məcəlləsinə son dəyişikliklərdə yeni – 76.1-1-ci maddə əlavə edilib. Maddədə deyilir ki, bu Məcəllənin 76.1-ci maddəsinin müddəalarından asılı olmayaraq, vergi ödəyicisinin vergi öhdəliklərinin müəyyən edilməsi məqsədilə ƏDV qeydiyyatında olan vergi ödəyicilərinin şəhadətnamə-dublikat əsasında açılmış hesabları üzrə aparılmış əməliyyatlar barədə aylıq məlumatlar banklar tərəfindən elektron qaydada hər ay bitdikdən sonra növbəti ayın 10-dək müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi orqan (qurum) (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi) tərəfindən təsdiq edilmiş formada müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi orqana (quruma) (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi) təqdim edilir.

İqtisadçı ekspert Anar Bayramov bildirib ki, "Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunun tətbiqi" ilə bağlı fərmana uyğun olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən hazırlabnacaq forma əsasında banklar ƏDV qeydiyyatında olan vergi ödəyicilərinin şəhadətnamə-dublikat əsasında açılmış hesabları üzrə aparılmış əməliyyatlar barədə aylıq məlumatları elektron qaydada hər ay bitdikdən sonra növbəti ayın 10-dək vergi orqanına təqdim edəcəklər.

Bu formanın tətbiq olunmasının əsas səbəbi 1 yanvar 2020-ci il tarixdən əlavə dəyər vergisi (ƏDV) tutulan əməliyyatların aparıldığı vaxt üzrə Vergi Məcəlləsinin 166-cı maddəsinin yeni redaksiyada verilməsidir. 1 yanvar 2020-ci ildən vergi ödəyiciləri ƏDV-ni kassa metoduna uyğun, yəni daxil olan vəsait üzrə hesabladığı üçün vergi orqanı da bank hesablamaları üzrə daxil olan vəsaitləri izləməlidirlər.

Bu səbəbdən banklar yalnız ƏDV ödəyicilərinin şəhadətnamə-dublikat əsasında açılmış hesabları üzrə aparılmış əməliyyatlar barədə bütün məlumatları hər ay vergi orqanına təqdim edəcək. Vergi orqanı banklar tərəfindən təqdim edilən məlumatları vergi ödəyicisinin təqdim etdiyi bəyannamənin göstəriciləri ilə tutuşduracaq. Hər hansı fərqlilik yaranarsa, bu zaman vergi ödəyicisinə kameral yoxlama əsasında bildiriş göndəriləcək.

Hazırladı:

Fəxriyyə İKRAMQIZI

Mənbə: https://vergiler.az/news/taxes/7123.html


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.