Əmtəəsiz əməliyyatlar aparan vergi ödəyiciləri üçün qaydalar sərtləşdirilib2020-02-15 | İqtisadiyyat | 2446Bakıda "Vergi islahatları: birlikdə kölgədən işıqlığa doğru" başlığı altında keçirilən konfransdakı çıxışında Vergilər nazirinin müavini İlkin Vəliyev vergi orqanlarının fəaliyyətinin əsas strateji istiqamətlərini qeyd edərək, bunun "kölgə iqtisadiyyatı"nın həcminin azaldılmasına yönəlik olduğunu vurğulayıb. "Vergi inzibatçılığında şəffaflığa aparan yol" mövzusunda çıxış edən İ.Vəliyev həmin strateji istiqamətlər üzrə inzibatçılığın təmin edilməsi məqsədilə 69 elektron xidmətin yaradıldığını deyib. 2019 və 2020-ci illərdə Vergi Məcəlləsində edilən dəyişikliklər barədə bildirilib ki, bu ildən bəzi aksizli malların aksiz dərəcələri artırılıb, bəzi malların aksiz dərəcələri isə optimallaşdırılıb. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün sadələşdirilmiş vergitutma metodu ləğv edilib. Hüquqi şəxslər tərəfindən mülkiyyətində yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsinin ƏDV-yə və mənfəət vergisinə cəlb edilməsi qərara alınıb. Eləcə də "Malların alış aktı" ciddi hesabat blankı elektronlaşdırılıb, heyvan ətinin satışı 4 il ərzində ƏDV-dən azad edilib, quş əti satışının ƏDV-dən azadolma müddəti daha 4 il müddətinə uzadılıb, fiziki şəxslərin xüsusi mülkiyyətində olan yaşayış sahələrinin təqdim edilməsi zamanı yaşayış sahəsinin 30 kvadratmetr olan sahəsi istisnasız vergidən azad edilib. İ.Vəliyevin sözlərinə görə, Vergi Məcəlləsində edilmiş son dəyişikliklərdə 2020-ci ildən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 30 faizinin həmin fiziki şəxslərə qaytarılması, əmtəəsiz əməliyyatlar aparan vergi ödəyicilərinə qarşı nəzarətin gücləndirilməsi əksini tapıb: "Əmtəəsiz əməliyyatların aparılması aşkar edilərsə, vergi öhdəliklərinin benefisiarın, yəni bu işdən faydalanan şəxsin üzərinə qoyulması nəzərdə tutulub. Əgər əmtəəsiz əməliyyat həyata keçirilirsə və sənəd varsa, həmin sənədin xərc maddəsi kimi qəbul olunmaması, eyni zamanda, həmin mallar ƏDV ödəyicisindən alınarsa, ƏDV-nin əvəzləşdirilməməsi kimi şərtlər qoyulub". İ.Vəliyev qeyd edib ki, bu dəyişikliklər vergilər üzrə göstəricilərə də müsbət təsir göstərib. "Kölgə iqtisadiyyatı"nın azaldılmasının ən mühüm göstəricilərindən biri dövriyyələrin artımıdır. Qeyri-neft sektorunda dövriyyələr 9,5 faiz, ticarət sektorunda 23,6 faiz, pərakəndə ticarətdə isə 33 faiz artıb. İaşə xidmətində dövriyyə artımı 22,8 faiz olub. Nazir müavini malların, işlərin, xidmətlərin təqdim edilməsinin sənədlə müşayiət edilməsi faktlarına da toxunub. Respublika üzrə mallar, işlər, xidmətlər təqdim edilən zaman sənədlə rəsmiləşdirilmə 6,7 faiz artıb: "Əsas 2 sahədə - ticarət və istehsal sektorunda artım daha çox olub. Ticarət sektorunda malların pərakəndə ticarətçilərə paylaşdırılmasını nəzərə alsaq, burada rəsmiləşdirmə 14,9 faiz artaraq 81,3 faizə çatıb. Topdansatış sahəsində malların təqdim edilməsi tamamilə sənədlə aparılır. İstehsal sektorunda isə rəsmiləşdirmə göstəricisi 8,6 faiz artaraq 74,4 faizə çatıb". Nazir müavini bunların təsdiqi üçün ƏDV-nin depozit hesabında olan hərəkətlərə nəzər yetirilməli olduğunu deyib. Ötən il ƏDV depozit hesabının bankdan mədaxil olan hissəsi 21 faiz artaraq 2,2 milyard manata çatıb. Səyyar vergi yoxlamaları isə 44 faiz azalıb. İslahatlar vergi daxilolmalarına da müsbət təsir göstərib. Qeyri-neft sektorunda 9,2 faiz artım olub. "Kölgə iqtisadiyyatı"na birbaşa bağlı olduğundan istehsal sahəsində büdcəyə hesablamalar 34,6 faiz, ticarət sahəsində isə 7,2 faiz artıb. İ.Vəliyevin sözlərinə görə, ötən il əməkhaqqı fondunda 19 faiz, muzdlu işçi sayında isə 18,3 faizlik artım olub. "Kölgə iqtisadiyyatı"nın azaldılması üçün bunların kifayət etmədiyini bildirib: "Ümumilikdə "kölgə iqtisadiyyatı"nın azaldılması üçün nağd dövriyyələrə də nəzarət edilməsi mütləqdir. Bunun çıxış yolu kimi 2019-cu ildən yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqinə başlanılıb. Nazirlər Kabinetinin təsdiq etdiyi qrafikə uyğun olaraq, bu proses 4 mərhələdən ibarətdir. İlk 2 mərhələ 2019-cu ildə 91 faiz icra edilib. 2020-ci ildə 3-cü mərhələnin icrasına başlanılıb və artıq 17,1 faizi icra edilib. Tam olaraq bütün vergi ödəyicilərinin əhatə edilməsi 2022-ci il dekabrın 31-də başa çatacaq. Bu dövrədək vergi orqanları nağd əməliyyatları həyata keçirən bütün obyektləri, əsasən də pərakəndə ticarət və ictimai iaşə obyektlərini yeni nəsil NKA-lar ilə təmin etməlidirlər". Nazir müavini qeyd edib ki, hazırda 9100-ə yaxın NKA quraşdırılıb və indiyədək onlar vasitəsilə 105 milyon çek çap olunub, 1 milyard 295 milyona yaxın dövriyyə keçib: "Yeni nəsil NKA-ların tətbiqini sürətləndirəcəyimizə inanırıq. 2022-ci ilin sonu bir qədər uzundur, çalışırıq ki, bu prosesi daha qısa müddətdə yekunlaşdıraq. Həmin NKA-lar vasitəsilə tam nağd dövriyyələrə nəzarət edə bilirik. Bununla "kölgə iqtisadiyyatı"nın azalmasında gələcək addımları müəyyən etmək üçün vəziyyətə daha düzgün qiymət vermək mümkün olacaq". Fərqanə ALLAHVERDİQIZI |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.