e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Riskli vergi ödəyicisi siyahısına düşməmək üçün öhdəliklər vaxtında və düzgün yerinə yetirilməlidir

0202-02-22 | Vergilər | 2783

Azərbaycanda sahibkarlar özəl sektorun inkişafı ilə bağlı yaradılan imkandan istifadə edərək öz bizneslərini inkişaf etdirə bilərlər. Bunun üçün onlardan sadəcə şəffaf fəaliyyət göstərmələri tələb olunur.

İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin rəhbəri Radil Fətullayevin sözlərinə görə, hazırda dövlət tərəfindən "kölgə iqtisadiyyatı"nın aradan qaldırılması, şəffaflığın artırılması istiqamətində ciddi işlər aparılır. Hər bir vergi ödəyicisi bu işdə öz üzərinə düşən məsuliyyəti dərk etməli, apardığı əməliyyatlarla bağlı düzgün uçot aparmalı, vergiləri vaxtında və tam hesablayıb ödəməlidirlər: "Lakin bəzi işəgötürənlər işçilərlə əmək müqaviləsi bağlamır, ya da əmək müqaviləsində minimum əməkhaqqı həcmində maaş göstərməklə real məbləği gizlədirlər. Bununla vergilərdən və sosial sığorta haqqı ödənişlərindən yayınırlar.

Bundan başqa, bəzi ticarətçilər özləri xaricdən mal gətirmir, bunu karqo şirkətləri vasitəsilə həyata keçirirlər. Onlar bu yolla qeyri-rəsmi mal dövriyyəsini artırırlar. Təbii ki, qeyri-rəsmi daxilolma da qeyri-rəsmi satışa istiqamətləndirilir. Bildiyimiz kimi, bununla bağlı çox ciddi tədbirlər görülür. İstər fiziki şəxs olsun, istər hüquqi şəxs – sahibkarlar malları öz adlarına gətirməlidirlər. Əgər belə olarsa, qarşıdakı aylarda ölkəyə rəsmi mal daxilolmalarının həcmi artacaq. Təbii ki, bu proses bazarlarda rəsmi sənədlərlə işləmək vərdişlərinə də müsbət təsir göstərəcək. Şəffaflaşma gömrükdən, idxaldan başlayır. Orada rəsmiləşdirmə düzgün aparılsa, növbəti mərhələlərdə də sahibkarlar bir-biri ilə əməliyyatları şəffaf aparacaqlar.

Bəzən vergi ödəyicisi elektron-qaimə göndərərkən sistem tərəfindən "bu vergi ödəyicisi riskli vergi ödəyicisidir" məzmununda mesaj alır. Artıq həmin sahibkarla işləməyin riskli olması ilə bağlı sistem xəbərdarlıq edir. Yaxşı olar ki, sahibkarlar "riskli vergi ödəyicisi siyahısı"na düşməmək üçün öhdəliklərini vaxtında, düzgün yerinə yetirsinlər ki, gələcəkdə digər sahibkarlar onlarla əməkdaşlıq etməkdən çəkinməsin".

Səbuhi TURAN

Mənbə: https://vergiler.az/news/taxes/7363.html


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.