Qanunvericiliyə əsasən, işçinin əməkhaqqından vergi və digər ödənişlər tutulur. Mövzuya hüquqşünas Şəhriyar Həbilov münasibət bildirib.
Hər bir işçinin əməkhaqqından işəgötürən tərəfindən aşağıdakı tutulmalar həyata keçirilir:
gəlir vergisi (Vergi Məcəlləsinə müvafiq olaraq bəzi kateqoriya şəxslərə münasibətdə güzəştlər, habelə neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərinin 2019-cu il yanvarın 1-dən 7 il müddətində yalnız 8.000 manatdan çox olan məbləğinin gəlir vergisinə cəlb olunmalı olduğu nəzərə alınmaqla);
işsizlikdən sığorta haqqı;
icbari tibbi sığorta haqqı;
məcburi dövlət sosial sığorta haqqı;
məhkəmə aktları və ya notariusun icra qeydi, yaxud səlahiyyətli orqanların qərarlarına əsasən tələb edilən icra ödənişləri. Bu məbləğlərin tutulması üçün müvafiq icra sənədi işçinin iş yerinə göndərilir.
Eləcə də:
işəgötürənə işçinin təqsiri üzündən onun orta aylıq əməkhaqqından artıq olmayan miqdarda vurduğu ziyanın məbləği (işçinin yazılı razılığı ilə, yaxud məhkəmənin qərarı ilə qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə);
müvafiq iş ilinə görə məzuniyyətə çıxmış və həmin iş ili bitənədək işdən çıxdığı halda məzuniyyətin işlənməmiş günlərinə düşən məzuniyyət pulu;
işçi xidməti ezamiyyətə göndərilərkən ona avans verilibsə artıq qalmış məbləğ;
işçiyə səhv riyazi hesablamalar nəticəsində artıq ödənilmiş məbləğlər - yalnız ödənişdən sonrakı 1 ay müddətində;
təsərrüfat ehtiyacları ilə bağlı verilmiş artıq qalan, yaxud xərclənməyən məbləğlər;
kollektiv müqavilələrdə nəzərdə tutulan və ya müəssisənin həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına köçürülən həmkarlar ittifaqına üzvlük haqları;
işçinin kommunal ödənişləri, bankdan aldığı ssudaları, kreditləri və ya digər şəxsi borcları - işçinin işəgötürənə həmin ödənişlərin onun əməkhaqqından tutulmasına dair ərizəsi əsasında.
Qanunvericiliyə əsasən, əməkhaqqından 20 faiz, bir neçə icra sənədi olduqda 50 faiz, bəzi hallarda (aliment ödənişi, sağlamlığa ziyan vurulması və s.) isə 70 faiz tutulmalara yol verilməsi mümkündür.