e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Sahibkarlar işçiləri ilə əmək müqaviləsi imzalayarkən hansı məqamlara diqqət etməlidir?

2020-03-11 | Kadr işi | 2717

Hazırda ölkənin əmək bazarında ən ciddi problemlərdən biri işçilərlə əmək müqaviləsinin bağlanmamasıdır. Bunun aradan qaldırılması məqsədilə vergi orqanları tərəfindən nəzarət tədbirləri davam etdirilir.

İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin rəhbəri Radil Fətullayev sahibkarların cərimə və sanksiyalara məruz qalmamaları üçün ən düzgün yolun işçilərlə əmək müqaviləsi imzalamaq və orada real əməkhaqqını əks etdirmək olduğunu bildirib: "2019-cu ildə Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, kommersiya müəssisələrində çalışan işçilərin əməkhaqqı ilə bağlı kifayət qədər güzəştlər tətbiq edildi. Burada əsas məqsəd ondan ibarət idi ki, sahibkarlar əmək fəaliyyətinə cəlb etdikləri işçilərin hamısı ilə müqavilə bağlasınlar. Sirr deyil ki, 2019-cu ilə qədər çox vaxt sahibkarlar əmək müqaviləsi bağlamaqda maraqlı deyildilər. Çünki həm gəlir vergisi, həm də müəssisənin üzərinə düşən sosial sığorta xərcləri çox idi. 2019-cu ildən güzəştlərin tətbiq edilməsindən sonra bu sahədə əhəmiyyətli irəliləyiş gözə çarpır. Ötən il təkcə qeyri-neft sektorunun özəl bölməsində 99 min əmək müqaviləsi imzalanıb.

Bununla belə, hazırda əmək bazarında ikili mühasibat geniş tətbiq olunur. Bir çox hallarda işçi ilə əmək müqaviləsi imzalansa da, maaş dəfələrlə az göstərilir. Məsələn, rəsmi sənəddə işçinin minimum əməkhaqqı həddində 250 manat aldığı qeyd edilsə də, əslində həmin işçiyə 1.000 manat maaş verilir. Müəssisələrdə həm texniki işçilərə, həm mütəxəssislərə, həm də rəhbər vəzifələrdə çalışanlara 250 manat yazıldığını da müşahidə edirik. Əlbəttə, bu doğru yanaşma deyil. Texniki işçi 300 manat əməkhaqqı alırsa, mütəxəssislər ən azı 500 manatdan yuxarı almalıdırlar. Ona görə də sahibkarlara tövsiyə edirəm ki, əməkhaqqının hesablama cədvəlini müəyyənləşdirərkən dəqiq olsunlar. Bütün bu məsələlərin tənzimlənməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin 2005-ci il tarixli 24/2saylı qərarı var. Orada vəzifələr əsasən üç kateqoriya üzrə bölünüb – texniki işçilər, mütəxəssislər və rəhbər vəzifədə çalışanlar. Həmin qərarda bu vəzifələr arasında diapozon müəyyənləşdirilib, bu diapozon 2-ci dərəcədən başlayıb 18-ci dərəcədə bitir. Yaxşı olar ki, sahibkarlar bu diapozona diqqət etsinlər".

Səbuhi TURAN

Mənbə: https://vergiler.az/news/economy/7608.html


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.