Əmək müqaviləsinin şərtləri ilə tanış olmadan imzalamaq gələcəkdə problem yarada bilər2020-03-11 | Kadr işi | 2627İşə qəbul zamanı əsas məsələlərdən biri əmək müqaviləsinin imzalanmasıdır. Elektron informasiya sisteminə əmək müqaviləsi bildirişi daxil edildikdən sonra işəgötürənə məlumat gəlir və bundan sonra sənəd hüququ qüvvəyə minir. Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşı Mehman Abdullayev qeyd edib ki, əmək müqaviləsi işçi ilə işəgötürən arasında Əmək Məcəlləsinin 1 nömrəli əlavəsinə uyğun olaraq bağlanılmış hüquqi aktdır: "Əmək müqaviləsinin əsasında işçinin əməkhaqqı, iş, məzuniyyət və istirahət vaxtı müəyyən edilir və o, gələcəkdə Əmək Qanunvericiliyində mövcud olan təminatlardan, güzəşt və imtiyazlardan istifadə edir. İşçi yalnız əmək müqaviləsi əsasında işlədikdə əmək qanunvericiliyində olan təminatlardan, güzəşt və imtiyazlardan istifadə edə bilir. Əmək müqaviləsi işçinin gələcək pensiya təminatında da böyük rol oynayır". Əmək müqaviləsi həm müddətli, həm də müddətsiz bağlanılır. Hüquqi akt imzalandıqdan sonra onun bir nüsxəsi işəgötürəndə, digəri isə işçidə qalır. Müqavilənin imzalanması zamanı maraqlı məqamlardan biri də işçinin sənəddə əksini tapan bəndlərlə tanış olub-olmamasıdır. Mütəxəssislər bildirirlər ki, müqavilənin şərtləri ilə tanış olmadan imzalamaq gələcəkdə problem yarada bilər. Məsələn, ola bilər ki, işəgötürən qanunda nəzərdə tutulmayan digər başqa tələblər irəli sürsün, onun hüquqlarını azaldan, müəyyən hüquqlardan məhrum edən şərtlər əlavə edə bilər. Həmin halların yaranmaması üçün işçi mütləq qaydada əmək müqaviləsini oxumalıdır. Əmək müqaviləsinin şərtləri işəgötürən tərəfindən pozulduqda işçinin müvafiq qurumlara müraciət etmək hüququ var. Müqavilənin şərtləri ilə tanış olmadıqda və sonradan işəgötürən tərəfindən qanunsuz hərəkətlər meydana çıxarsa, bu zaman işçi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət edə bilər. İşçi əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilirsə, bu zaman işəgötürən İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan qaydada inzibati məsuliyyətə cəlb olunur. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.