e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Bu il üçün icbari tibbi sığorta haqqının ödənilməsi qaydası müəyyənləşdi

2020-03-20 | Kadr işi | 2756

Nazirlər Kabineti “İcbari tibbi sığorta üzrə dövlət büdcəsinin vəsaiti hesabına sığorta haqqının 2020-ci ildə mərhələli şəkildə ödənilməsi Qaydası”nı təsdiq edib.

"Report" xəbər verir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Qaydalar 2020-ci ildə icbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığına uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında qaçqın statusu almış və BMT-nin qaçqınlar üzrə ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün müəyyən edilmiş icbari tibbi sığorta haqqının mərhələli şəkildə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi qaydasını müəyyən edir.

Sığorta haqqının adambaşına məbləği Nazirlər Kabinetinin 2019-cu il 27 dekabr tarixli qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı”na uyğun olaraq, icbari tibbi sığortanın yanvar-mart aylarında tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 90 manat, aprel-iyun aylarında tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 67,5 manat, iyul-sentyabr aylarında tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 45 manat, oktyabr-dekabr aylarında tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 22,5 manat təşkil edir. Sığorta haqqının ümumi məbləği nəzərdə tutulan sığorta haqlarının ölkənin inzibati ərazi vahidləri üzrə əhalinin (həmin inzibati ərazi vahidlərində yaşayış yeri və ya olduğu yer üzrə qeydiyyatda olan şəxslərin) sayına hasili qaydasında hesablanır. İnzibati ərazi vahidlərində yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərin sayı barədə məlumatlar Dövlət Statistika Komitəsi tərəfindən hər rübün 2-ci ayının 15-dən gec olmayaraq, Maliyyə Nazirliyinə və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə təqdim olunur. İnzibati ərazi vahidlərində olduğu yer üzrə qeydiyyatda olan şəxslərin sayı barədə məlumatlar Agentliyin elektron informasiya sistemi vasitəsilə real vaxt rejimində əldə edilir.

Maliyyə Nazirliyi tərəfindən sığorta haqqı hər ay üçün bərabər hissələrlə növbəti ayın 15-dən gec olmayaraq, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə ödənilir. Eyni zamanda bu qaydada ödənilməsi nəzərdə tutulan sığorta haqqının maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitin aylıq və rüblük bölgüsünü İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırmaqla təsdiq edir. Bu qaydada göstərilən qaydada təqdim edilən məlumatlara əsasən icbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığına uyğun olaraq, il ərzində əhalinin sayındakı artım və ya azalmalar nəzərə alınmaqla, həmin bölgüdə müvafiq dəyişikliklər edilir.

Maliyyə Nazirliyi həmçinin sığorta haqqının maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitin aylıq və rüblük bölgüsünü İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırmaqla 10 gün müddətində təsdiq edir.

AR Nazirlər Kabinetinin Qərarı: “İcbari tibbi sığorta üzrə dövlət büdcəsinin vəsaiti hesabına sığorta haqqının 2020-ci ildə mərhələli şəkildə ödənilməsi.Qaydası”nın təsdiq edilməsi haqqında

Mənbə: https://report.az/sehiyye/bu-il-ucun-icbari-tibbi-sigorta-haqqinin-odenilmesi-qaydasi/


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.