e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Mikayıl Cabbarov: Verilən qərarlarda həm sürət, həm keyfiyyət ön plana çıxıb

2020-03-31 | İqtisadiyyat | 2295

"Azərbaycanda qərarların vaxtında verilməsi bizim mümkün ssenarilərdən ən yumşağına istiqamətlənməyimizə imkan yaradıb. Koronavirusun yaratdığı iqtisadi böhranın unikallığı ondan ibarətdir ki, bu, heç bir dərslikdə, nəzəriyyədə bəhs edilən iqtisadi böhran deyil və qeyri-müəyyənlik çoxdur. Ona görə, verilən qərarlarda həm sürət, həm keyfiyyət ön plana çıxıb”.

“Report” xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov AzTV-nin "Hədəf" verilişində deyib.

“Qarşımıza qoyulan vəzifənin həllinə başlayarkən biz simptomatik addımlardan yox, fundamental sualdan başladıq ki, iqtisadiyyatımızı necə görmək istəyirik? Bu böhrandan sonra müasir iqtisadiyyatımız necə olmalı dır, hansı şərtlərə cavab verməlidir?

Bu sualın cavabını formalaşdırarkən proqramlar ərsəyə gəldi. Çünki bu sualların cavabı aşağıdakı kimi formalaşdırıldı. Birincisi biz iqtisadiyyatımızı sağlam, dayanıqlı və rəqabətədavamlı görmək istəyirik. İkincisi biz dövlətin qanunlarına riayət edən, başqa sözlə "kölgə iqtisadiyyatı"nda deyil, "ağ iqtisadiyyat"da şəffaf şəkildə fəaliyyət göstərən, vergilərini vaxtında ödəyən, işçilərinin sosial müdafiəsini təmin edən, yəni rəsmi əmək müqavilələri əsasında işə cəlb edən aktorlardan – sahibkarlıq subyektlərindən ibarət olan bir iqtisadiyyat kimi görmək istəyirik.

Bizim sağlam və dayanıqlı maliyyə sektoruna ehtiyacımız var. Nəhayət biz dar gündə dövlətinə söykənmək üçün mənəvi haqqı olan, başqa sözlə fəaliyyətində yüksək sosial korporativ məsuliyyət hissini və hərəkətlərini həyata keçirən sahibkarlardan ibarət iqtisadiyyat görmək istəyirik. Bu suallara cavabı formalaşdırarkən məhz qeyd etdiyimiz proqramlar, istiqamətlər müəyyən mənada təbii şəkildə ortaya gəlməyə başladı.

Onu da vurğulamaq istəyirəm ki, biz növbəti günlər və həftələr ərzində bu proqramların son dizaynını, mahiyyətini həm həmkar qurumlarla, həm özəl sektorla, həm də bəlli qurumlarla son nəticəyə gətirəcəyik. Ölkə prezidentinin bizə verdiyi tapşırıq ondan ibarət idi ki, biz bu iqtisadiyyata dəstək proqramını 1 milyard manatla məhdudlaşdırmayaq və daha geniş şəkilə gətirə bilək”, - deyə nazir bildirib.

Mənbə: https://report.az/biznes/verilen-qerarlarda-hem-suret-hem-keyfiyyet-on-plana-cixib/


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.