e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Auditorlar Palatasında növbəti vebinar keçirilib

2020-04-24 | Audit | 2937

Aprelin 23-də Azərbaycan Respublikasının Auditorlar Palatasında “Pandemiya şəraitində beynəlxalq təcrübə nəzərə alınmaqla auditin aparılması yolları” mövzusunda növbəti vebinar keçirilib.

Palatadan AZƏRTAC-a bildirilib ki, COVID-19-un yayıldığı bir şəraitdə yaranmış vəziyyət iqtisadiyyatda şəffaflığın təmin olunmasında, kölgə iqtisadiyyatına qarşı mübarizədə Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarının yerinə yetirilməsində, iqtisadi resurslardan səmərəli istifadə edilməsində, iqtisadi təhlükəsizliyin təmin olunmasında əvəzedilməz önəm kəsb edən və maliyyə hesabatlarının şəffaflığının əsas təminatçılarından olan audit peşəsi - müstəqil audit üçün də təsirsiz ötüşməyib. Hazırkı şəraitdə auditorların öz vəzifələrinin və öhdəliklərinin layiqincə yerinə yetirmələrinə dəstək verilməsi məqsədilə Auditorlar Palatası tərəfindən kompleks tədbirlər görülməkdədir. Belə ki, yeni dövrün çağırışları palatanın işində mütərəqqi və innovativ metodların tətbiqini, yeni prosedurlardan bəhrələnməyi, aparılan auditlərin Beynəlxalq Audit Standartlarına, Auditorların Peşə Etika Məcəlləsinə və digər normativ-hüquqi sənədlərin tələblərinə uyğunluğunu, ən əsası isə auditor xidmətinin keyfiyyətinin və peşənin imicinin yüksədilməsinə nail olmağı zəruri edir.

Ölkədə uğurla həyata keçirilən və yaxın zamanlarda müsbət nəticələrin şahidi olacağımız iqtisadi siyasətin reallaşdırılması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlərə dəstək və bu dəstəyin səmərəliliyinin təmin edilməsi məqsədilə Auditorlar Palatası tərəfindən audit və mühasibat üzrə beynəlxalq qurumların, habelə xarici dövlətlərin müvafiq tənzimləyicilərinin təcrübəsi diqqətlə öyrənilir. Eyni zamanda, milli iqtisadiyyatın xüsusiyyətləri nəzərə alınmaqla lokal tədbirlərin tətbiqi sahəsində də araşdırmalar aparılır. Bu istiqamətdə nəticəli tədbirlərin həyata keçirilməsi məqsədilə Auditorlar Palatası tərəfindən aprelin 14-də auditor təşkilatalarına və sərbəst auditorlara “Pandemiya şəraitində auditor xidmətinin qarşısında duran problemlərin və vəzifələrin həllinə dair” keçirilmiş distant vebinarda audit sahəsində mövcud vəziyyət, qarşıda duran problemlər və vəzifələrin həllinə dair təqdim edilən təklif və tövsiyələr əsasında palata sədrinin 2020-ci il 15 aprel tarixli Sərəncamı ilə “Pandemiyaya qarşı mübarizə və onun nəticələrinin aradan qaldırılmasına dair Azərbaycan Respublikasının Auditorlar Palatasının Tədbirlər Planı” təsdiq edilib. Həmin Tədbirlər Planına uyğun olaraq Auditorlar Palatasında yaradılmış İşçi Qərargahı tərəfindən kompleks tədbirlərin icrasına başlanılıb, eyni zamanda, aprelin 23-də auditor təşkilatlarına və sərbəst auditorlara “Pandemiya şəraitində beynəlxalq təcrübə nəzərə alınmaqla auditin aparılması yolları” mövzusunda növbəti vebinar keçirilib.

Palatanın icraçı direktoru, İşçi Qərargahın rəhbəri Səbuhi Gülməmmədov koronavirus dövründə pandemiyaya qarşı mübarizədə audit sahəsində bu günə qədər Auditorlar Palatasının gördüyü işlər barədə geniş məlumat verib. Sonra vebinarın mövzusu ətrafında Elm və auditor fəaliyyətinin metodoloji təminatı üzrə komitənin sədri, “TNM Audit” MMC-nin direktoru Nəcəf Talıbov, “Alfa-Audit” QSC-nin auditoru Aygün Səfərova və Beynəlxalq Audit Standartları və Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə komitənin üzvü, “SR Audit Solutions” MMC-nin direktoru Səftər Vəlizadə çıxış edərək pandemiya şəraitində beynəlxalq təcrübə nəzərə alınmaqla auditin aparılması yollarına və sahibkarlıq subyektlərinin bütün növ əməliyyatlarının (bank transaksiyalarının, təsərrüfat, idxal-ixrac, alqı-satqı və digər) onlayn toplandığı və bütün aidiyyəti tərəflərin əlçatanlığı təmin olunduğu vergi, maliyyə və digər hesabatların tərtibinə imkan verən şəffaf (vahid) bazanın yaradılmasına dair öz fikirlərini dinləyicilərə çatdırıblar. İşgüzar şəraitdə keçən vebinarda mövzu ətrafında mövcud vəziyyət, qarşıda duran problemlər və onların həllinə dair peşəkar müzakirələr aparılıb.

Vebinarın gedişində Auditorlar Palatasının üzvləri olan auditor təşkilatlarının və sərbəst auditorların təqdim etdikləri təklif və tövsiyələrin palata tərəfindən nəzərə alınması, pandemiya şəraitinin tələbləri nəzərə alınmaqla auditə dair normativ-hüquqi sənədlərdə, habelə mövcud metodiki bazanın təkmilləşdirilməsi istiqamətində təxirəsalınmaz tədbirlərin görülməsi qərara alınıb.

Mənbə: https://azertag.az/xeber/Auditorlar_Palatasinda_novbeti_vebinar_kechirilib-1470641


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.