Sahibkarlar sabit xərclərin bir hissəsindən azad ediləcək2020-04-28 | İqtisadiyyat | 2508İqtisadiyyat Nazirliyi Vergi Məcəlləsinə zəruri dəyişikliklərlə bağlı təkliflər hazırlayıb. Hökumətdə yenidən baxıldıqdan sonra təkliflər paketinə daxil olan sənəd layihələri Milli Məclisə təqdim olunub. Təkliflər paketində koronavirus pandemiyasının bilavasitə təsir etdiyi fəaliyyət istiqamətləri üzrə vergi ödəyicilərinin 2020-ci il 1 yanvar tarixindən bir il müddətinə əmlak və torpaq vergilərindən tam məbləğdə azad olmaları təklif edilib. İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin rəhbəri Ruslan Atakişiyev güzəştin hansı sahələrə aid ediləcəyini açıqlayıb. Vergi Məcəlləsinə təklif olunan yeni düzəlişlərlə bir sıra subyektlərin torpaq və əmlak vergisindən azad edilməsi daha çox konoravirus pandemiyasından birbaşa zərər çəkən sahələrə şamil olunacaq. 2020- ci il yanvarın 1-dən bir il müddətinə əmlak və torpaq vergilərindən tam azad olunan sahələrə mehmanxanalar, hotellər, hostellər, turoperatorlar, turagentlər, restoranlar, yeməkxanalar, kafelər, eləcə də ölkədaxili sərnişin daşınması ilə məşğul olan, xüsusilə rayonlararası, şəhərdaxili, rayondaxili daşımaları həyata keçirən müxtəlif nəqliyyat şirkətləri, sifarişlər üzrə ərzaq və qeyri-ərzaq mallarının satıcılarından alıcılara daşınması və çatdırılması işi ilə məşğul olan şirkətlər, sərgilərin təşkili, istirahət və əyləncə, kinoteatr, teatr, muzeylər və konsert zalları, idman sağlamlıq mərkəzləri, tədris mərkəzləri, ixtisasartırma kursları, hazırlıq kursları aiddir. Aydındır ki, bu sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin istifadəsində torpaqlar və əmlaklar vardır. Hazırda qüvvədə olan qanunvericiliyə əsasən, sadaladığımız sahələrdə fəaliyyət göstərən şirkətlərdən hər hansı birinin daşınmaz əmlakı varsa, ilin sonuna onun qalıq dəyəri çıxarılır və ona nisbətən əmlak vergisi hesablanıb ödənilir. Məsələn, hazırkı şərtlərə görə, 70 min manatlıq əmlakı olan şirkət 700 manat əmlak vergisi ödəməlidir. Əgər təkliflər qəbul edilərsə, həmin şirkət bir il ərzində bu ödənişdən azad olunacaq. Bəs əmlak və torpaq vergisindən azad olmaq sahibkarlara nə verir? Nəzərə almaq lazımdır ki, əmlak və torpaq vergisi şirkətlərin sabit xərclərinə aiddir. Müəssisənin, şirkətin fəaliyyəti olmayanda bu sabit xərclərin həcmi müəssisə üçün ağırlıq yaradır. Müəssisə bu ağırlığa tab gətirmədikdə müflis ola və ya böyük zərərə düşə bilər. Ona görə də təkliflər paketində müəssisələrin əmlak, torpaq vergisindən azad olunmaları nəzərə tutulub. Bununla dövlət həmin sahibkarlıq subyektlərinə imkan yaradır ki, onlar fəaliyyət göstərmədikləri müddətlərdə sabit xərclərin bir hissəsindən qurtulsunlar. Bu yolla sahibkarlar həmin vəsaitlərə qənaət edəcək və fəaliyyətlərini bərpa etdikdə bu, onlar üçün yeni imkan yaradacaq. Fərqanə ALLAHVERDİQIZI |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.