e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Bəzi fərdi sahibkarların sosial sığorta öhdəlikləri və sosial sığorta yükü azaldılıb

2020-06-04 | İqtisadiyyat | 2786

Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər təsdiq olunub. Pandemiya dönəmində bir çox vergiödəyicisi öz təsərrüfat subyektlərində və ofislərində mütəmadi olaraq dezinfeksiya işlərinin görülməsini təmin edib və bununla bağlı müəyyən xərclər çəkiblər. Müvəqqəti vergi rejimi ilə bağlı qanuna gətirilən fəsildə qeyd edilib ki, həmin vergi ödəyicilərinin dezinfeksiya və profilaktik tədbirlər barədə sənədləşdirilmiş xərcləri məhdudlaşdırılmadan, birbaşa gəlirdən çıxılan xərclərə aid ediləcək.

Bu fikirləri Dövlət Vergi Xidmətinin idarə rəisi Əvəz Quliyev sosial qanunvericiliyə edilmiş əsas dəyişikliklərlə bağlı şərhində deyib.

Ə.Quliyev qeyd edib ki, qanunvericiliyə edilmiş dəyişikliklərlə bəzi fərdi sahibkarların və müxtəlif sahələrdə fəaliyyət göstərən şəxslərin sosial sığorta öhdəlikləri və sosial sığorta yükü optimallaşdırılmaqla yanaşı, azaldılıb: “Ölkədə minimum əməkhaqqının məbləği artırılaraq 250 manat müəyyən edilib. Sosial sığorta haqları fərdi sahibkarlar tərəfindən minimum əməkhaqqının faiz nisbətində hesablandığından və minimum əməkhaqqı da müxtəlif vaxtlarda artdığından sosial sığorta üzrə fərdi sahibkarların sığorta yükü artmış olurdu. Bu məqsədlə sosial sığorta üzrə qanunvericiliyə dəyişiklik edilib və cari il aprelin 1-dən 2021-ci ilin yanvarın 1-dək tikinti və ticarət sektorunda fəaliyyət göstərən şəxslərə münasibətdə sosial sığorta haqqı minimum əməkhaqqının 50 faizindən 25 faizə, digər sahələrdə isə 25 faizdən 15 faizə endirilib. Eyni zamanda, faiz dərəcələri Bakı şəhəri və regionlar üzrə differensiallaşdırılıb. Bunlarla yanaşı, fərdi peşə fəaliyyəti ilə məşğul olan, yəni öz vergi öhdəliklərini sabit qəbz almaqla yerinə yetirən şəxslərə münasibətdə sosial sığorta öhdəliklərinin də sabit qəbz almaqla yerinə yetirmələri ilə bağlı qanunvericilikdə dəyişiklik edilib. Bununla da, həmin şəxslərin sosial sığorta üzrə öhdəlikləri azaldılıb”.

İdarə rəisi vurğulayıb ki, nəticə etibarilə, sabit qəbz əsasında fəaliyyət göstərən vergi ödəyiciləri artıq vahid qəbz almaqla həm vergi öhdəliklərini, həm də sosial sığorta öhdəliklərini yerinə yetirmiş olurlar. Bununla da, göstərilən fəaliyyət üzrə vergi orqanlarına vergi hesabatı və sosial sığorta hesabatı təqdim etmirlər.

Mənbə: https://vergiler.az/news/economy/8882.html


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.