2021-ci ildən əməkhaqqından tutulmaların hesablanması2020-12-22 | Kadr işi | 6756Qanunvericiliyə əsasən, 2021-ci ildən icbari tibbi sığorta haqlarının yığılmasına başlamaq nəzərdə tutulub. Bununla əlaqədar gələn ildən əməkhaqqından tutulmalar necə hesablanacaq? Suala hüquqşünas Şəhriyar Həbilov aydınlıq gətirir. 2021-ci ildən bütün ölkəmizdə əməkhaqqından tutulmalar aşağıdakı kimi olacaq:
İcbari tibbi sığorta üzrə sığorta haqqı məbləğləri aşağıdakı kimi hesablanacaq: - Dövlət sektoru və neft-qaz sahəsində əmək müqaviləsi əsasında çalışan şəxslərin əməkhaqqının 8000 manatdan yuxarı hissənin 0,5 faizi, 8000 manatadək hissəsinin isə 2%-i məbləğində; - özəl sektorda çalışanların, mülki-hüquqi müqavilə əsasında çalışanların əmək haqqından 8000 manatadək hissənin 1 faizi, (2022-ci ildə 2 faiz), 8000 manatdan yuxarı hissənin 0,5 faizi məbləğində; Beləliklə, hesablanma aşağıdakı formada aparlacaq: 1) Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslər 1.1) əməkhaqqı 250 manat olanlar üçün nümunə a) gəlir vergisi - tutulmur (8000 manatadək) b) sosial sığorta haqqı - 250 manat əməkhaqqının 200 manatlıq hissəsinə görə 3 faizi (yəni 6 manat), 200 manatdan yuxarı hissə üçün isə qalan məbləğin - 50 manatın 10 faizi (yəni 5 manat). Ümumilikdə 11 manat məcburi dövlət sosial sığorta haqqı tutulur. c) işsizlikdən sığorta haqqı - 250 manatın 0,5 faizi = 1,25 manat; d) icbari tibbi sığorta haqqı - 1% - 2,5 manat; 250-(0+11+1,25+2,5)=250-14,75=235,25 manat. Beləliklə, 250 manat maaş alan şəxslərin sosial ödənişləri 14,75 manat, tutulmalardan sonra alacağı məbləğ isə 235,25 manat təşkil edir. 1.2) əməkhaqqı 8000 manatdan çox olanlar üçün nümunə: Tutaq ki, vətəndaş 8100 manat əməkhaqqı alır. Bu zaman həmin məbləğdən tutulmalar belə hesablanır: a) gəlir vergisi - 8000 manatdan yuxarı məbləğin 14faizi: 8100-8000=100 manat 100 x 14%-i = 14 manat b) sosial sığorta haqqı: 8100 manat - 200 manat = 7900 manat 200 x 3% = 6 manat 7900 x 10% = 790 manat c) işsizlikdən sığorta haqqı: 8100 x 0,5% = 40,5 manat d) icbari tibbi sığorta haqqı - 8000 manata görə 1%, 8000 manatdan yuxarı olan 100 manata görə 0,5%hesablanır: 8000 x 1% = 80 manat 100 x 0,5%= 0,5 manat 8100 - (14+790+6+40,5+80 +0,5) = 8100 – 931 = 7169 manat Beləliklə, 8100 manat maaş alan şəxsin əməkhaqqından tutulmalar 931 manat, alacağı məbləğ isə 7169 manat təşkil edir. 2) Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslər 2.1) əməkhaqqı 250 manat olanlar üçün: a) gəlir vergisi - 250 manatın 200 manatdan artıq hissəsi üzrə 14% 250 - 200 = 50 50 - 14% = 7 manat b) məcburi dövlət sosial sığorta haqqı: 250 x 3% = 7,5 manat c) işsizlikdən sığorta haqqı: 250 x 0,5%-i = 1,25 manat d) icbari tibbi sığorta haqqı: 250 x 2% = 5 manat 250 - (7+7,5+1,25+5) = 250 – 20,75 = 229,25 manat. Beləliklə, işçinin əməkhaqqından tutulmalar 20,75 manat, alacağı yekun məbləğ isə 229,25 manat olacaq. 2.2) əmək haqqı 2500 manatdan çox olanlar üçün: Tutaq ki, şəxs 8100 manat əməkhaqqı alır. Bu zaman onun ödəmələri belə hesablanır: a) gəlir vergisi: 8100 - 2500 = 5600 manat 5600 x 25% = 1400 manat 2500 x 14% = 350 manat b) məcburi dövlət sosial sığorta haqqı: 8100 x 3% = 243 manat c) işsizlikdən sığorta haqqı: 8100 x 0,5% = 40,5 manat d) icbari tibbi sığorta haqqı: 8000 x 2% = 160 manat 100 x 0,5% = 0,5 manat 8100 - (350+1400+243+40,5+160 +0,5) = 8100-2194 =5906 manat Beləliklə, əməkhaqqından tutulmalar 2194 manat, alınacaq yekun məbləğ isə 5906 manat təşkil edir. Fərqanə Allahverdiqızı |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.