e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

İcbari tibbi sığortanın tətbiqi mərhələli şəkildə həyata keçirilir

2021-01-29 | Kadr işi | 4541

Tibbi sığorta haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, icbari tibbi sığorta dövlət sosial sığortasının tərkib hissəsi olmaqla, sığorta hadisəsi zamanı sığortaolunanlara icbari tibbi sığortanın maliyyə mənbələri hesabına və xidmətlər zərfi çərçivəsində sığortaolunanların tibbi yardım almasını təmin edir.

Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Sirac Piriyev bildirib ki, xidmətlər zərfi iki hissədən (baza və əlavə) ibarət olacaq. Baza hissəyə ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti aiddir. Əlavə hissəyə aid olan ixtisaslaşdırılmış tibbi yardıma həkim müayinəsi, laborator diaqnostik müayinələr, cərrahi əməliyyatlar, xəstənin ehtiyaclarına uyğun qulluq və s. tibbi xidmətlər daxildir. İcbari tibbi sığortanın tətbiqi mərhələli şəkildə həyata keçiriləcəkdir. Sığortaolunanın icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərdən istifadə hüququnu təsdiq edən şəhadətnamənin elektron qaydada tətbiqi nəzərdə tutulmuşdur.

İctimaiyyətdə icbari tibbi sığorta barədə normaların qüvvəyə minməsi ilə tətbiq olunması müddəti müəyyən suallar yaratdığı üçün bildiririk ki, “Tibbi sığorta haqqında” Qanuna əsasən, 1 yanvar 2021-ci il tarixindən dövlət və neft sektorunda, qeyri-dövlət və qeyri-neft sektorunda çalışanlar, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün icbari tibbi sığorta haqlarının ödənilməsinə dair müddəalar qüvvəyə minmişdir. Nazirlər Kabinetinin 2020-ci il 10 aprel tarixli 136 nömrəli Qərarına əsasən Bakı şəhərində icbari tibbi sığortanın tətbiqinə 2021-ci ilin aprel ayından başlanacaqdır.

İcbari sığorta haqqı məbləği isə ayrı-ayrı vergi ödəyiciləri üzrə fərqli dərəcələrlə müəyyən olunmuşdur. Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən şəxslərə (o cümlədən, digər əsaslara muzdlu işə cəlb olunan şəxslər) münasibətdə sığortalı qismində çıxış edən işəgötürənlər tərəfindən işçinin əməkhaqqının 8.000 manatadək olan hissəsindən 2 faiz, 8.000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz, sığortaolunan tərəfindən əməkhaqqının 8.000 manatadək olan hissəsindən 2 faiz, 8.000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz miqdarında icbari tibbi sığorta haqları tutulması müəyyən edilmişdir.

Lakin qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8.000 manata qədər olan hissəsindən ödənilən sığorta haqqının məbləğinə 2022-ci il yanvarın 1-dək 50 faiz güzəşt tətbiq ediləcəkdir.

Sahibkarlıq fəaliyyətinin dayandırıldığı hallar istisna olmaqla, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri) tərəfindən minimum əməkhaqqının 4 faizi olmaqla icbari tibbi sığorta haqları tutulması müəyyən edilmişdir.

Mülki-hüquqi müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslərə münasibətdə sığortalı qismində çıxış edən onları işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edən şəxslər tərəfindən fiziki şəxslərin gəlirlərinin 8.000 manatadək olan hissəsinin 2 faizi, 8.000 manatdan yuxarı olan hissəsinin 1 faizi miqdarında icbari tibbi sığorta haqları tutulması müəyyən edilmişdir.

İcbari tibbi sığorta haqlarının əməkhaqqı ödənişləri ilə eyni vaxtda, lakin növbəti ayın 15-dən gec olmayaraq tam məbləğdə ödənilməsi nəzərdə tutulmuşdur.

Hesabat forması kimi isə "Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığortası, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)" vahid bəyannamə olmaqla hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir.

Eyni zamanda, benzinin, dizel yanacağının və maye qazın istehsalı və idxalı ilə məşğul olan vergi ödəyiciləri tərəfindən benzinin, dizel yanacağının və maye qazın hər litrinə 0,02 manat olmaqla icbari tibbi sığorta haqqı, araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatları, pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilər, siqarilla (nazik siqarlar) və tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə görə və energetik içkilərin hər litrinə görə tətbiq edilən aksiz dərəcəsinin müəyyən edilmiş hissəsi qədər icbari tibbi sığorta haqqının hesablanması, hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq ödənilməsi və ödənilmiş icbari tibbi sığorta haqları barədə bəyannamə təqdim edilməsi nəzərdə tutulmuşdur.

Ölkə əhalisinin imtiyazlı təbəqəsi üçün icbari tibbi sığorta haqqı dövlət büdcəsi hesabına ödəniləcək. Belə ki, əmək və ya mülki-hüquqi müqavilə əsasında işləmədiyi və sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı hallarda aşağıda qeyd olunan əhali qrupları icbari tibbi sığorta haqqı ödəməkdən azaddır:

  • 18 yaşınadək şəxslər;
  • 23 yaşınadək peşə təhsili, orta ixtisas təhsili və ya ali təhsil müəssisələrində əyani təhsil alan şəxslər;
  • pensiyaçılar;
  • sosial müavinət almaq hüququna malik olan şəxslər;
  • ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri;
  • ərazi poliklinikalarında və qadın məsləhətxanalarında qeydiyyatdan keçmiş hamilə qadınlar, habelə doğuşdan sonrakı 42 gün müddətində qadınlar Əmək Məcəlləsinə əsasən qismən ödənişli sosial məzuniyyətdə olan qadınlar.

Bu güzəştlərdən yalnız Azərbaycan Respublikasının vətəndaşları istifadə etmək hüququna malikdirlər.

Mənbə: https://apa.az/az/sosial_xeberler/mk-kitabcalari-dovriyydn-cixarilacaq-626852


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.