NK: Əhalinin ömrünü qısaldan tütün məmulatlarının aksiz vergisinin artırılması məqsədəuyğun sayılıb2021-04-06 | Vergilər | 3831Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə və Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” qərarlarına edilən dəyişikliyin səbəblərini açıqlayıb. APA-nın məlumatına görə, izahatda bildirilib ki, Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən (164-cü maddə) ƏDV-dən azadolmaların müddətinin uzadılması, aksiz vergisindən azadolma (188-ci maddə) və aksizli malların siyahısına və vergi dərəcələrinə dəyişiklik edilməsini əhatə edib. Vergi Məcəlləsinin 164-cü maddəsinə 164.1.54-cü maddəsi əlavə edilib və qızıldan və gümüşdən hazırlanan zərgərlik məmulatlarının istehsalı və emalı işlərinin görülməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında dəzgahların, avadanlıqların və qurğuların idxalı 01.01.2021-ci ildən 3 il müddətinə ƏDV-dən azad edilib. Vergi Məcəlləsinin 188-ci maddəsinə edilmiş dəyişikliklə idxal olunan platin, qızıl və onlardan hazırlanmış zərgərlik və digər məmulatlar, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz 01.01.2021-ci ildən 3 il müddətinə aksiz vergisindən azad edilib. Vergi Məcəlləsinin 190-cı maddəsinə edilmiş dəyişikliklə aksizli malların siyahısı genişləndirilmiş, istehsal məqsədli istisna olmaqla, müxtəlif tütün məhsulların aksiz vergisinin dərəcələri artırılıb. Bu dəyişikliklərdən irəli gələrək Nazirlər Kabinetinin qərarlarında dəyişikliklər edilməsinə zərurət yaranıb. Müvafiq uyğunlaşdırmanın aparılması məqsədilə hazırlanmış “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə” Nazirlər Kabinetinin qərarlarında dəyişikliklər öz əksini tapıb. Məlum olduğu kimi, iqtisadi mahiyyətinə görə aksizlər bir tərəfdən yüksək rentabelli məhsul istehsalından əldə edilən əlavə mənfəətin bir hissəsinin dövlət büdcəsinə tutulması, digər tərəfdən isə sosial cəhətdən zərərli malların istehlakının məhdudlaşdırılması məqsədilə tətbiq edilir. Bu baxımdan qeyri-infeksion xəstəliklərin əsas risk faktorları olmaqla yanaşı, əhalinin orta ömrünü qısaldan və həyat keyfiyyətini aşağı salan tütün məmulatlarına tətbiq edilən aksiz vergisinin dərəcələrinin artırılması məqsədəuyğun hesab edilib. Firuzə Vahid |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.