e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Mediatorlar tərəfindən sosial sığorta haqlarının ödənilməsi barədə

2021-09-29 | Vergilər | 2995

29 mart 2019-cu il tarixli “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu mübahisələrin alternativ həlli üsullarından olan mediasiyanın təşkili sahəsində ictimai münasibətləri tənzimləyir, mediasiyanın məqsədlərini, prinsiplərini, həyata keçirilməsi qaydalarını və mediatorların statusunu müəyyən edir. Mediasiyanın məqsədi tərəflər arasındakı münaqişənin azaldılması və mübahisənin onları razı salacaq şəkildə həll olunmasıdır.

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dövlət qeydiyyatına alınmış hüquqi şəxs mediasiya təşkilatı ola bilər. Hüquqi şəxs Mediasiya Şurasının üzvlüyünə qəbul edildiyi andan mediasiya təşkilatı kimi fəaliyyət göstərmək hüququ əldə edir. Mediasiya Şurasının üzvlüyünə qəbul edilmək üçün mediasiya təşkilatına olan tələblərdən biri də ən azı iki mediatorla əmək müqaviləsinin olmasıdır.

Mediasiya təşkilatı - mediasiyanın inkişaf etdirilməsi, təkmilləşdirilməsi məqsədilə əmək müqaviləsi və ya müvafiq mülki-hüquqi müqavilə bağladığı mediatorların effektiv fəaliyyətinə yönələn tədbirləri həyata keçirən qeyri-kommersiya hüquqi şəxsdir. “Sosial sığorta haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası qanunlarına edilmiş dəyişikliyə əsasən, mediatorlar tərəfindən də sığorta haqlarının ödənilməsi nəzərdə tutulur. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, sərbəst mediatorlar gəlirlərinin (xərclər çıxılmaqla) 10 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqına cəlb olunurlar. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununa əsasən isə vergi uçotuna alınmış mediatorlar sığortalı qismində özləri çıxış edirlər. Sözügedən qanuna uygun olaraq mediatorlar üçün minimum aylıq əməkhaqqının 4 faizi məbləğində icbari tibbi sığorta haqları müəyyən edilib.

Mənbə: https://www.taxes.gov.az/az/post/1564


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.