Dövlət Vergi Xidməti transfer qiymətlərinin tətbiqi məqsədilə yeni beynəlxalq məlumat bazasına qoşulub2021-11-05 | Vergilər | 2660Beynəlxalq vergi əməkdaşlığının inkişafı və bu sahədə beynəlxalq standartların tətbiqi vergidən yayınma ilə mübarizədə uğurlu yollardan biridir. Azərbaycanın vergi sistemini qabaqcıl təcrübələrə və beynəlxalq standartlara uyğun inkişaf etdirmək məqsədilə əhəmiyyətli platformalarla sıx əməkdaşlıq edilir. Bu baxımdan, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən transfer qiymətqoyması üzrə qanunvericiliyin və transfer qiymətləri ilə bağlı auditin tətbiqi, eləcə də transfer qiymətləri haqqında qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması və qabaqcıl təcrübəyə əsaslanan audit prosesləri üçün resursların yaradılması kimi məsələlər diqqətdə saxlanılır. Transfer qiymətləri müəyyən edilərkən, Vergi Məcəlləsinə uyğun olaraq, birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, vergi ödəyicilərinin vergi orqanına təqdim etdiyi məlumatlardan, açıq məlumat mənbələrində yerləşdirilmiş hesabatlardakı məlumatlardan və digər müvafiq mənbələrdən istifadə edilir. Bundan əlavə, “Transfer qiymətlərinin müəyyən edilməsi və tətbiqi Qaydaları”na əsasən, belə qiymətlərin müəyyən edilməsi üçün beynəlxalq məlumat mənbələrindən də istifadə olunması zəruri hesab edilir. Bunu nəzərə alaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “İnformasiya bazasına çıxış və məlumatların yenilənməsi xidmətlərinin göstərilməsi”nin satın alınması üçün “Bureau van Dijk” şirkəti ilə müvafiq müqavilə imzalayıb. Bununla, Dövlət Vergi Xidməti dünyanın 50-dən artıq ölkəsinin vergi orqanı tərəfindən transfer qiymətləri ilə əlaqədar həyata keçirilən vergi yoxlamaları üzrə müqayisəli təhlillərin və hesablamaların aparılması üçün istifadə edilən 4 fərqli məlumat bazasından istifadə hüququ əldə edib. Müasir dövrdə transfer qiyməti beynəlxalq vergitutma sahəsinin aktual mövzulardan birinə çevrilib. Bunun əsas səbəbləri sırasında son illərdə beynəlxalq ticarət dövriyyəsinin böyük hissəsinin transmilli şirkətlərin payına düşməsi və dövlətlərin hər il bu sahədə vergidən yayınma halları hesabına külli miqdarda gəlirdən məhrum olması xüsusi yer tutur. İnformasiya bazasına çıxış və məlumatların yenilənməsi xidmətlərinin təkmilləşdirilməsi ölkə iqtisadiyyatında şəffaflığın artırılması, beynəlxalq vergitutma və məlumat mübadiləsi öhdəliklərinin yerinə yetirilməsi, habelə vergidən yayınma halları ilə mübarizə işinin daha səmərəli təşkilinə təkan verəcək. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.