e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Vergi orqanında uçotda olmayan vətəndaşlara bildirişlərin gəlməsi nə ilə bağlıdır?

2021-11-30 | Vergilər | 3340

Son günlərdə heç nədən xəbəri olmayan sadə vətəndaşa vergi orqanında vergi ödəyicisi kimi uçota alınması barədə bildiriş gəlir. Ona, eyni zamanda, vergi öhdəliyinin olduğu bildirilir ki, bu da təbii olaraq vətəndaşları narahat edir. Mövzu ilə bağlı vətəndaşları maraqlandıran suallara vergi məsələləri üzrə mütəxəssis İlqar Əsədov aydınlıq gətirib:

- Bütün bu kimi əməliyyatlar, əslində, qeyri-qanuni əməllərin və bu cür əməllərə yaradılan münbit şəraitin son nəticəsi olaraq ortaya çıxır. Təəssüf ki, vergi qanunvericiliyinin bir sıra sadələşdirilmiş vergitutma sxemlərindən vergi ödəyiciləri vergidən yayınma sxemi kimi istifadə edirlər. Bu cür sxemlərdən biri əlvan və qara metal qırıntılarının faktiki olaraq başqa şəxslərdən alınıb sadə vətəndaşların adına rəsmiləşdirilməsidir. Sıravi vətəndaşlar onların adına bu cür rəsmiləşdirilmələrə razılıq verməməlidir, əks halda, birmənalı şəkildə vergi uçotuna alınmalı və vergi ödəməli olacaqlar.

Metal və ya metaldan hazırlanmış məhsulların istehsalı sahəsində buna bənzər hallar olduqca geniş vüsət alıb. Bu məsələ illər uzunu aktual olaraq qalmaqdadır. Təsadüfi deyil ki, vergi orqanları tərəfindən 2021-ci ildə bu sektorda çalışan istehsalat müəssisələrində ciddi nəzarət tədbirləri həyata keçirilib.

İri istehsalat müəssisələri vergi ödəyicisi kimi uçotda olmayan şəxslərə müəyyən razılaşdırılmış məbləğ ödəməklə və ya onlara bir mənfəət təqdim etməklə əlvan və qara metal qırıntılarını onların adlarına rəsmiləşdirir və dövlətə sadəcə Vergi Məcələsinin 101.6-cı maddəsi ilə müəyyən edilmiş 2 faiz dərəcəsində vergi ödəməklə həm vergilərdən, həm vergi uçotuna alınmaqdan, həm də qanuni olmayan yollarla aldığı mallara görə maliyyə sanksiyasına məruz qalmaq riskindən özlərini azad edirlər.

Vergi Məcəlləsinin 101.6-cı maddəsi vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5-ci maddəsində göstərilən malların – bizim nümunədə bu, əlvan və qara metal qırıntılarıdır - təqdim edilməsindən əldə edilən gəlirlərindən (Vergi Məcəlləsi ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan ödəmə mənbəyində 2 faiz dərəcə ilə vergi tutulmalı olduğunu göstərir. Vergi orqanları haqlı olaraq bu cür vergidən yayınma sxemləri aşkar etdikdə əməliyyatların faktiki iqtisadi göstəricisini və ağlabatanlıq prinsipini əsas götürərək vergilərin bərpa edilməsi istiqamətində tədbirlər görürlər.

Bir sıra hallarda mühasiblər, sahibkarlar və əlaqədar şəxslərin bu məsələ ilə bağlı etirazlarını görürük. Onlar fikirlərində əsas etibarilə əlvan və qara metal qırıntılarının təqdim edilməsində sahibkarlıq fəaliyyəti hesab olunacaq həddin müəyyən edilməməsini arqument kimi gətirirlər. Lakin unutmaq olmaz ki, vergi qanunvericiliyi mahiyyət və ağlabatanlıq prinsipləri ilə vəhdət şəkildə formalaşıb. Hansısa həddin qanunla müəyyən edilməməsi vergi ödəyicilərinə, ələlxüsus da qanunun bu hissəsindən vergidən yayınma sxemi kimi istifadə edən şəxslərə sanki qanun çərçivəsində hansısa əməliyyatları rəsmiləşdirmək və faktiki qeyri-qanuni hərəkətlər etmək hüququ vermir. Əgər siz həmin vətəndaşların adına tərtib edilmiş malların alış aktındakı məbləğləri və ya bir neçə belə malların alış aktıları üzrə ümumi məbləğlərin həcmini görsəniz, onların heç vaxt reallığı əks etdirə bilməyəcəyini rahatlıqla təsbit edə bilərsiniz. Belə ki, hər bir insanın sutkalıq vaxtının yatmağa, yeməyə, ailəsi ilə olmağa və digər ehtiyaclarını ödəməyə tələb olunan hissəsi vardır. İşləməyə qalan digər hissə ilə ağlabatan olmayan məbləğ civarında əlvan və metal qırıntıları toplanıla və təqdim edilə bilməz. Bu cür ölçüdə fəaliyyət yalnız təşkilatlanmış formada mümkündür. Təşkilatlanmış və ağlabatanlıq prinsipi üzrə sahibkarlıq fəaliyyəti hesab ediləcək həddə əlvan və qara metal qırıntılarını təqdim edən şəxslərin isə vergi uçotuna alınması və vergilərini ümumi qaydada ödəməsi labüddür.

Lakin vergi orqanları vergini dövlət büdcəsinə bərpa edərkən Vergi Məcəlləsinin 3.5-ci maddəsi ilə təsbitini tapmış və Konstitusiyaya əsaslanan heç bir şəxs əldə etdiyi gəlirə görə eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur oluna bilməz prinsipini rəhbər tutmalıdırlar.

Onu da qeyd edək ki, 2022-ci ildən qüvvəyə minməsi gözlənilən Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı təkliflərdə Məcəllənin 101.6-cı maddəsi ilə müəyyən edilmiş 2 faizlik dərəcənin 5 faizə qaldırılması da yer alıb. Böyük ehtimalla bu təklifin qəbul ediləcəyini və belə mübahisəli halların sayının azalacağı güman edilir.

Mənbə: https://vergiler.az/news/taxes/15654.html


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.