e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Azərbaycanda 20-dən artıq lisenziya növü ləğv edilib - SİYAHI

2015-12-25 | İqtisadiyyat | 3295

Azərbaycanda lisenziya tələb olunan sahibkarlıq fəaliyyəti növlərinin sayı 37-dək azaldılıb. İqtisadiyyat və Sənaye Nazirliyindən bildirilib ki, dekabrın 21-də Prezident İlham Əliyevin imzaladığı fərman əsasında Azərbaycanda qüvvədə olan 22 lisenziya növü ləğv edilib.

Lisenziyalaşdırılan fəaliyyət növləri ilə bağlı qaydalar aşağıdakı üstünlükləri də nəzərdə tutur: lisenziyalar müddətsiz oldu (bu, Azərbaycan Prezidentinin imzaladığı 21 dekabr tarixli "Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında" fərmanadək qüvvədə olan daha əvvəl verilmiş lisenziyalara da şamil edilir); lisenziya almağa görə dövlət rüsumunun həcmi 2 dəfə azaldılıb; lisenziyaların verilmə müddəti 15 iş günündən 10-dək azaldılıb. Həmçinin lisenziyaların verilməsi şərtləri sadələşdirilib.

Bundan sonra Azərbaycanda aşağıdakı sahibkarlıq fəaliyyəti növləri üzrə lisenziya tələb olunmur:

  • etil (yeyinti) spirtinin və alkoqollu içkilərin (şərabın, konyakın, arağın və siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən digər alkoqollu içkilərin) satışı, idxalı, istehsalı;
  • tütün məmulatının satışı, idxalı, istehsalı;
  • avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması;
  • qiymətli metalların və qiymətli daşların istehsalı, istifadəsi, emalı, dövriyyəsi;
  • mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyəti;
  • neft məhsullarının satışı;
  • turizm fəaliyyəti;
  • auditor fəaliyyəti;
  • qaz məhsullarının satışı;
  • kartoqrafiya fəaliyyəti;
  • ciddi hesabat blanklarının hazırlanması;
  • əlvan metal, tərkibində qiymətli metallar və daşlar olan sənaye və istehsalat tullantılarının tədarükü, emalı və satışı;
  • gömrük brokeri, gömrük daşıyıcısı fəaliyyəti;
  • ticarət gəmiçiliyi sahəsində: su nəqliyyatı ilə yük daşınması, su nəqliyyatı ilə sərnişin daşınması;
  • əmtəə birjasının fəaliyyəti;
  • hava nəqliyyatı ilə yük və sərnişin daşınması;
  • xarici ölkələrdə Azərbaycan vətəndaşlarının işə düzəldilməsi zamanı fiziki şəxslərin vasitəçilik fəaliyyəti;
  • enerji obyektlərinin quraşdırılması, təmiri və sazlanması;
  • qeyri-dövlət pensiya fondlarının fəaliyyəti;
  • gömrük anbarlarının və müvəqqəti saxlanma anbarlarının təsis edilməsi;
  • yanğından mühafizə məkanlarının, binaların və qurğuların tikintisi, yenidən qurulması və təmiri;
  • qeyri-dövlət fitosanitar xidmətləri, o cümlədən bitkilərin mühafizəsi vasitələri və aqrokimyəvi maddələr (satış və saxlanılması).
Bununla da 19 mindən çox lisenziya və ya lisenziyalaşdırılmış fəaliyyət növlərinin təqribən 75 faizi ləğv edilib, lisenziyaların 25 faizi isə müddətsiz olub.

Nazirlikdən qeyd ediblər ki, qüvvədə olan lisenziyaların sahiblərinin müraciətləri əsasında onlara müddətsiz lisenziyaların verilməsi təmin ediləcək.

Mənbə: http://fins.az/biznes/893163/Azerbaycanda_20_den_artiq_lisenziya_novu_legv_edilib___SIYAHI.html


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.