e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

2016-ci ilin istehsalat təqvimi və iş vaxtı norması

2015-12-30 | Kadr işi | 4454





AZƏRBAYCAN RESPUBLİKASININ

ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN

KOLLEGIYASI

QƏRAR

"29" "dekabr" 2015- cü il

N 9

2016-cü ilin üçün

İŞ VAXTININ NORMASI

    Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "2016-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında" 24 dekabr 2015-cü il tarixli 402 nömrəli qərarına əsasən 2016-ci ildə aşağıdakı günlər iş günü hesab edilmir:

1-2 yanvar - Yeni il bayramı;
20 yanvar- Ümumxalq hüzn günü;
8 mart- Qadınlar günü;
20, 21 , 22, 23, 24 mart - Novruz bayramı;
9 may- Faşizm üzərində qələbə günü;
28 may- Respublika günü;
15 iyun- Azərbaycan xalqının milli qurtuluş günü;
26 iyun- Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü;
6,7 iyul- Ramazan bayramı;
12,13 sentyabr- Qurban bayramı;
9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı günü
31 dekabr - Dünya azərbaycanlılarının həmrəyliyi günü.

    Azərbaycanın Respublikasının Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci hissəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin "2016-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında" 2015-cü il 24 dekabr tarixli 402 nömrəli qərarına əsasən 2016-ci ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 25 mart, 30 may, 27 iyun, altıgünlük iş həftəsində isə 25 mart və 27 iyun tarixləri istirahət günləridir.

    2016-ci ilin fevral ayı 29 təqvim günündən, il isə 366 təqvim günündən ibarətdir.

    2016-cı ildə beşgünlük iş həftəsində 243 iş günü (onlardan,6-sı bayramqabağı, 1-i Ümumxalq hüzn günü qabağı iş günləridir), iş günü hesab edilməyən 109 istirahət günü (onlardan, 4-ü iş günü hesab edilməyən bayram günləri ilə üst-üstə düşən həftələrarası istirahət günlərinin əvəzinə verilən istirahət günləri), iş günü hesab edilməyən 18 bayram günü (5-i istirahət günləri ilə üst-üstə düşən) və 1 Ümumxalq hüzn günü vardır (243+109+18+1-5=366).

    Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 89-cu və 90-cı maddələrinə əsasən Azərbaycan Respublikasında gündəlik normal iş vaxtının müddəti 8 saatdan artıq ola bilməz və bir qayda olaraq iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq ola bilməz.

    2016-cı ilin iş vaxtı norması 40 saatlıq beşgünlük iş həftəsi üzrə 8 saatlıq iş günü hesabından müəyyən edilir və bu zaman Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 108-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq iş günü hesab edilməyən bayramqabağı, səsvermə, habelə Ümumxalq hüzn günü qabağı iş günlərində həftəlik iş günlərinin müddəti bir saat qısaldılır.

    Qanunvericiliyə uyğun olaraq 2016-cı il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1937 saat təşkil edir (236 x 8 + 7 x 7 = 1937 saat).

    İstehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq tətbiq edilən bir istirahət günü olan altıgünlük iş həftəsi və müəyyən qeydiyyat (uçot) dövrü üçün növbə cədvəlləri beşgünlük iş həftəsinin həmin dövr üzrə iş vaxtı normasına riayət edilməklə tərtib olunur. Əmək Məcəlləsinin 90-cı və 108-ci maddələrinə əsasən altıgünlük iş həftəsi tətbiq edilərkən həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan və bilavasitə sonrakı gün istirahət günü olan iş gününün müddəti isə 6 saatdan çox ola bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 91-ci, 92-ci və 93-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qalan iş yerlərində səsvermə, bu Məcəllənin 105-ci maddəsində göstərilən iş günü hesab edilməyən bayram günləri və Ümumxalq hüzn günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır. Altıgünlük iş həftəsi olan iş yerlərində 40 saatlıq iş həftəsində çalışan işçilər üçün 2016-cı ildə beşgünlük iş həftəsi üzrə hesablanmış 1937 saatlıq illik iş vaxtı norması tətbiq edilməlidir.

    İş vaxtının qeydiyyatı (uçotu) dövründə və ya təqvim ili ərzində iş vaxtı saatları iş vaxtı normasına uyğun gəlirsə, ayrı-ayrı aylarda iş vaxtının normal iş vaxtından az və ya çox işlənilməsi halları, altıgünlük iş həftəsi cədvəlinə yenidən baxılması üçün əsas ola bilməz.

    İş vaxtının illik normasına görə altıgünlük iş həftəsi cədvəlinə il ərzində düzəliş edilməsi ilə bağlı konkret məsələlər istehsalat və digər yerli şərait nəzərə alınmaqla bilavasitə kollektiv müqavilədə nəzərdə tutulmaqla həll olunur.

    Qeydiyyat (uçot) dövründə iş vaxtının müddəti qanunvericiliklə müəyyən olunmuş iş saatlarının sayından çox olmamaq şərti ilə iş vaxtının cəmlənmiş uçotu tətbiq edilə bilər. Bu halda qeydiyyat (uçot) dövrü bir ildən artıq, gündəlik işin (növbənin) müddəti isə 12 saatdan çox ola bilməz.

    Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2015-ci 29 dekabr tarixli 9 nömrəli Qərarı

Mənbə: http://www.mlspp.gov.az/az/pages/4/519


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.