Azərbaycana valyuta gətirilməsi və çıxarılmasında yeni qaydalar2016-03-18 | İqtisadiyyat | 3103Azərbaycandan 50 min dollardan artıq valyuta yalnız banklar və poçt vasitəsi ilə çıxarılacaq Mərkəzi Bank "Rezidentlər və qeyri-rezidentlər tərəfindən xarici valyutanın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması Qaydaları"nın təsdiq edilməsi barədə qərar verib. Yeni Qaydalar martın 16-dan qüvvəyə minib. Bununla əlaqədar Mərkəzi Bankının İdarə Heyətinin 18 mart 2002-ci il tarixli qərarı ilə (06 nömrəli protokol) təsdiq olunmuş (02 aprel 2002-ci il tarixli 2778 nömrəli şəhadətnamə) "Fiziki şəxslər tərəfindən valyuta sərvətlərinin Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması Qaydaları" və bu Qaydalara 18 fevral 2008-ci il tarixli (06 nömrəli protokol) dəyişikliklər (07 mart 2008-ci il tarixli 3385 nömrəli şəhadətnamə) ləğv edilib. Yeni Qaydalar rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər (banklar və xarici bankların yerli filialları istisna olmaqla) tərəfindən xarici valyutanın Azərbaycan Respublikasına nağd şəkildə gətirilməsi və Azərbaycan Respublikasından nağd şəkildə çıxarılması qaydalarını müəyyən edir. Rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər xarici valyutanı gömrük prosedurlarına əməl etməklə məhdudiyyət olmadan Azərbaycana gətirə bilərlər. Rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər məbləği 10 min ABŞ dolları ekvivalentinədək olan xarici valyutanı gömrük orqanında şifahi formada bəyan etməklə Azərbaycandan nağd şəkildə çıxara bilərlər. Rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər 10 min ABŞ dolları ekvivalenti məbləğindən 50 min ABŞ dolları ekvivalenti məbləğinədək olan xarici valyutanı onun əvvəllər Azərbaycana nağd şəkildə gətirilməsini təsdiq edən gömrük sənədlərini və yazılı formada bəyannaməni gömrük orqanına təqdim etməklə Azərbaycandan nağd şəkildə çıxara bilərlər. Bu hallar istisna olmaqla bütün digər hallarda xarici valyutanın rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər tərəfindən Azərbaycan Respublikasından çıxarılması yalnız müvəkkil banklar və poçt rabitəsinin milli operatoru vasitəsilə köçürmə yolu ilə həyata keçirilə bilər. Qeyd edək ki, indiyə qədər Qüvvədə olmuş əsasən rezidentlər tərəfindən Azərbaycan ərazisinə gətirilmiş valyuta sərvətlərinin məbləği 10 min ABŞ dolları ekvivalentinədək olduqda onların gətirilməsi gömrük orqanları tərəfindən "sərnişin gömrük bəyannaməsi" ilə, 10 min ABŞ dolları ekvivalentindən yuxarı məbləğdə olduqda isə "Sərnişin gömrük bəyannaməsi" və "Gömrük vəsiqəsi" ilə rəsmiləşdirilib. Rezidentlər Azərbaycana əvvəllər nağd şəkildə gətirilmiş valyuta sərvətlərindən 50 min ABŞ dolları ekvivalentinədək məbləği gömrük orqanlarında bəyan etməklə Azərbaycandan nağd şəkildə çıxara bilərdilər. Rezidentlər tərəfindən Azərbaycan Respublikasına əvvəllər nağd şəkildə gətirilmiş valyuta sərvətləri ölkə ərazisindən nağd çıxarılarkən gömrük orqanlarına "Sərnişin gömrük bəyannaməsi" (nağd gətirilmiş valyuta sərvətlərinin məbləği 10 min ABŞ dolları ekvivalentinədək olduqda) və "Sərnişin gömrük bəyannaməsi" və "Gömrük vəsiqəsi" (nağd gətirilmiş valyuta sərvətlərinin məbləği 10 min ABŞ dolları ekvivalentindən çox olduqda) təqdim edilməli idilər. Rezidentlər Azərbaycana əvvəllər nağd şəkildə gətirilmiş 50 min ABŞ dolları ekvivalentindən artıq məbləğdə valyuta sərvətlərini valyuta gətirilən ölkənin bank və ya digər kredit təşkilatı tərəfindən bu vəsaitlərin həmin rezidentə nağd verilməsini təsdiq edən arayışı təqdim etməklə Mərkəzi Bankının müəyyən etdiyi qaydada müvəkkil banklar vasitəsi ilə Azərbaycan Respublikasından kənara köçürə bilərdilər. Rezidentlər əvvəllər Azərbaycan Respublikasına köçürülmüş valyuta sərvətlərindən yalnız 50 min ABŞ dolları ekvivalentinədək məbləği müvəkkil banklar tərəfindən verilmiş "Azərbaycan Respublikasına əvvəllər köçürülmüş xarici valyuta sərvətlərinin verilməsi haqqında" bank arayışı (əsasında, gömrük orqanlarında bəyan etməklə Azərbaycandan nağd şəkildə çıxara bilərdilər. Rezidentlər tərəfindən adambaşına 10 min ABŞ dolları ekvivalenti məbləğində valyuta sərvətləri (fond sərvətləri istisna olmaqla) sənəd təqdim edilmədən, gömrük orqanlarında bəyan edilməklə Azərbaycan Respublikasından nağd şəkildə çıxarıla bilərdilər. Həmin məbləğdən 1000 (ABŞ dolları ekvivalentinədək gömrük rüsumu ödənilmədən, 1000 ABŞ dolları ekvivalentindən əlavə 9 min ABŞ dolları ekvivalentlinədək isə Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş məbləğdə gömrük rüsumu ödənilməklə Azərbaycandan nağd şəkildə çıxarıla bilərdilər. Qeyri-rezidentlər isə Azərbaycana əvvəllər nağd şəkildə gətirilmiş 50 min ABŞ dolları ekvivalentindən artıq məbləğdə valyuta sərvətlərini valyuta gətirilən ölkənin bank və ya digər kredit təşkilatı tərəfindən bu vəsaitlərin həmin qeyri-rezidentə nağd verilməsini təsdiq edən arayış təqdim etməklə Milli Bankının müəyyən etdiyi qaydada müvəkkil banklar vasitəsi ilə Azərbaycan Respublikasından kənara köçürə bilərdilər. Qeyri-rezidentlər əvvəllər Azərbaycana köçürülmüş valyuta sərvətlərindən yalnız 50.000 (əlli min) ABŞ dolları ekvivalentinədək məbləği müvəkkil banklar tərəfindən verilmiş "Azərbaycan Respublikasına əvvəllər köçürülmüş xarici valyuta sərvətlərinin verilməsi haqqında" bank arayışı əsasında, gömrük orqanlarında bəyan etməklə Azərbaycan dan nağd şəkildə çıxara bilərdilər. Mənbə: http://www.marja.az |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.