e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Maliyyə Nazirliyindən kommersiya təşkilatlarına xəbərdarlıq

2016-04-18 | Mühasibat uçotu | 3336

Azərbaycan Respublikası Maliyyə Nazirliyi,ictimai əhəmiyyətli qurumların, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hazırlayan, habelə dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatlarına xəbərdarlıq edib.

Xəbərdarlıqda deyilir:

"Mühasibat uçotu haqqında" Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsinə uyğun olaraq dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə Maliyyə Nazirliyinə təqdim edirlər.

Adıçəkilən Qanunun 12.3-cü maddəsinə uyğun olaraq ictimai əhəmiyyətli qurumlardan, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hazırlayan, habelə bu Qanunun 12.2-ci maddəsində qeyd olunan kommersiya təşkilatlarından internet səhifəsi olduqda, illik maliyyə hesabatının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının, qanunla müəyyən edilmiş hallarda auditor rəyi ilə birlikdə, həmin təşkilatın internet səhifəsində və mətbu orqanda dərc etdirməsi tələb olunur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 may 2010-cu il tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş "Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi, hesabat dövrləri və dərc edilməsi Qaydaları"nın 3.1-ci bəndinə uyğun olaraq kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hesabat dövrü başa çatdıqdan sonra, müvafiq olaraq sonrakı ilin aprel ayının 30-dan və iyun ayının 30-dan gec olmayaraq təqdim etməlidirlər.

Həmin Qaydaların 3.4-cü bəndinə əsasən kommersiya təşkilatının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi barədə məlumatlar onların tabe olduqları yuxarı təşkilat və ya təsisçi (təsisçilər) tərəfindən bu hesabatların sonuncu təqdimetmə günündən sonra 10 gün ərzində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə verilir.

Əlavə məlumat üçün aşağıdakı əlaqə telefonları ilə müraciət edə bilərsiniz:

Tel: 404 46 99, daxili nömrələr 163, 519, 548.

Mənbə: http://www.marja.az/financial/news/audit/item/196283-maliyy%C9%99-nazirliyind%C9%99n-kommersiya-t%C9%99%C5%9Fkilatlar%C4%B1na-x%C9


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.