e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Vergilər Nazirliyi: Evlərin kirayəyə verilməsi ilə bağlı vergi dərəcəsi artırılmayacaq

2016-06-02 | Vergilər | 3079

Vergilər Nazirliyi son günlər bir sıra kütləvi informasiya vasitələrində nazirliyin fiziki şəxslərin daşınmaz əmlaklarının kirayəyə verilməsi ilə bağlı əldə etdiyi gəlirlərdən verginin dərəcəsinin 14%-dən 22%-dək artırılması və bu sahədə vergi qanunvericiliyinə dəyişikliklər edilməsi məqsədilə Nazirlər Kabinetinə müraciət etməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Nazirlikdən verilən məlumata görə, qurum əmlakın kirayəyə və icarəyə verilməsindən əldə edilən gəlirlərin vergiyə cəlb edilməsi ilə bağlı vergi dərəcələrində hər hansı dəyişikliklərin edilməsi, o cümlədən mövcud dərəcənin 14%-dən 22%-ə qaldırılması ilə bağlı Nazirlər Kabinetinə müraciət etməyib və bu məsələ ümumiyyətlə rəsmi dövlət qurumları ilə müzakirə olunmayıb.

"Vergilər Nazirliyi bildirir ki, qüvvədə olan Vergi Məcəlləsinin 124-cü maddəsinə əsasən Azərbaycanda istifadə edilən daşınan və daşınmaz əmlakın icarəsindən əldə edilən gəlirlərdən 14% dərəcə ilə vergi tutulur. Kütləvi informasiya vasitələrinin nümayəndələrindən xahiş olunur ki, bu kimi həssas məsələlər barədə məlumat yaymazdan əvvəl Vergilər Nazirliyinin rəsmi mövqeyini dəqiqləşdirsinlər", - deyə məlumatda vurğulanıb .

Mənbə: http://az.apa.az/news/430403


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.