"TAX FREE" Azərbaycanda2016-06-17 | Vergilər | 3244Azərbaycanın Vergilər Nazirliyi ölkəmizə səfər edənlərə "TAX FREE" imkanını yaradıb. "Marja" xəbər verir ki,"TAX FREE" alış-veriş zamanı ödədilən verginin geri alınmasını nəzərdə tutur. TAX FREE nədir? Tax Free - xarici vətəndaşlar tərəfindən alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) geri qaytarılması mexanizmidir. Bu imkandan istifadə etmək üçün xüsusi TAX FREE stikerləri olan ticarət obyektindən alış-veriş edin. TAX FREE stikerləri olan mağazalarda aldığınız mallara görə ödədiyiniz ƏDV məbləğini ölkəni tərk etdiyiniz zaman, hava limanında geri ala bilərsiniz. Qeyd: Azərbaycanda təqdim edilən bütün mallara görə ƏDVnin dərəcəsi 18%-dir. TAX FREE kimlərə şamil edilmir? - Azərbaycan Respublikasının vətəndaşlarına; - Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə verilən, haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsi verilən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə; - bilavasitə xidməti vəzifələrini icra edən hava nəqliyyatının heyət üzvü olan şəxslərə; -yaşı 14-dən aşağı olan şəxslərə. ƏDV-ni necə geri almaq olar? 3 addımdan ibarət təlimatdan istifadə edərək siz rahat qaydada ödədiyiniz ƏDV-ni geri ala bilərsiniz: 1.Tax Free stikeri olan mağazada alış-verişin edilməsi TAX FREE stikeri olan mağazada mal aldığınız zaman satıcıya TAX FREE imkanından istifadə etmək istədiyiniz barədə məlumat verin. Daha sonra ƏDVni qaytarmaq hüququ verən elektron vergi hesabfakturasının (e-VHF) doldurulması üçün satıcıya xarici vətəndaşlığınızı təsdiq edən pasportunuzu təqdim edin. Satıcı pasport məlumatlarınızı daxil etdikdən sonra sizə 2 nüsxədə imzalanmış və möhürlənmiş e-VHF-ı təqdim edəcək. E-VHF-da digər məlumatlarla yanaşı ödənilmiş ƏDV-nin məbləği və ƏDV-nin qaytarılacağı son tarix göstərilir. Qeyd: TAX FREE imkanından istifadə etmək üçün sizin bir e-VHF üzrə aldığınız malların dəyəri ƏDV ilə birlikdə 300 manatdan az olmamalıdır! 2.Gömrük məntəqəsinə müraciət Azərbaycanı tərk etdiyiniz zaman aldığınız malı və eVHF-nı pasportunuzla birlikdə aeroportda yerləşən Gömrük nəzarət buraxılış məntəqəsinə təqdim edin. Gömrük orqanının nümayəndəsi e-VHF-da müvafiq qeydlərini apardıqdan sonra onu möhür ilə təsdiq edərək sizə təqdim edəcək. Qeyd: Mallar alındığı tarixdən 90 gün müddətində ölkə ərazisindən aparılmalıdır. Bu müddəti keçdiyiniz təqdirdə, mal üçün ödənilmiş ƏDV-nin məbləği geri qaytarılmır! 3. ƏDV-nin geri qaytarılması Son olaraq, gömrük nəzarət buraxılış məntəqəsində sizə verilən e-VHF-nı müvəkkil banka təqdim edirsiz. Seçdiyiniz metoddan asılı olaraq ödəniş xarici və ya milli valyutada aşağıdakı qaydada həyata keçirilir: 1) Nağd qaydada – banka müvafiq sənədi təqdim edildikdən dərhal sonra; 2) Nağdsız qaydada – ödənişin köçürülməsini istədiyiniz bank kartının rekvizitlərini banka təqdim etdiyiniz tarixdən sonrakı 10 iş günü ərzində. Qeyd: Köçürülmə metodundan asılı olmayaraq aldığınız mallara görə ödədiyiniz ƏDV məbləğindən 20 faiz həcmində xidmət haqqı tutulduqdan sonra qalan məbləğ sizə qaytarılır Bu mallara TAX FREE tətbiq edilmir: - aksizli mallar; - ərzaq malları; - dərman pereparatları və tibbi ləvazimatlar; - ölkənin mədəni-tarixi sərvəti hesab edilən, mədəni irsin qorunması üçün mühüm əhəmiyyət kəsb edən mallar; - ölkə daxilində satışı ƏDV-dən azad edilən mallar; - ixracı üçün lisenziya tələb edilən mallar; - çərçivəyə salınmamış, emal edilməmiş və ya çeşidlənməmiş qiymətli daşlar; - külçə şəklində qiymətli metallar; - müşayiət olunmayan baqajla Azərbaycan Respublikasının ərazisindən aparılan mallar; - nəqliyyat vasitələri və onların ehtiyat hissələri; - poçt və ya internet xidməti vasitəsilə ixrac edilən mallar. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.