e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri

2016-08-05 | Vergilər | 3101

Azərbaycan Prezidenti İlham Əliyev "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri"nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında Sərəncam imzalayıb. Sərəncam ilə "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri" təsdiq edilib.

2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri aşağıdakılardır:

1. qanunvericiliyin tələblərinə əməl edilməklə, vergi ödəyicilərinin optimal gəlirliliyini təmin etmək və investisiya mühitini daha da yaxşılaşdırmaq məqsədilə vergi yükünün azaldılması və inzibatçılığın yüngülləşdirilməsi;

2. kiçik və orta sahibkarlığı stimullaşdırmaq, pərakəndə ticarətdə rəqabət mühitini təmin etmək və vergi yükünü optimallaşdırmaq məqsədilə pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin əlavə dəyər vergisi üzrə vergitutma obyekti malların satış qiyməti ilə malgöndərənlərə ödənilən qiymət arasındakı fərq (ticarət əlavəsi) hesab edilərək, verginin həmin məbləğdən hesablanması ilə bağlı qanunvericiliyə dəyişikliklərin edilməsi;

3. topdan və pərakəndə ticarətlə məşğul olan vergi ödəyicilərini fərqləndirən meyarların müəyyən edilməsi;

4. Azərbaycanı turistlər üçün cəlbedici ölkəyə çevirmək və bütövlükdə turizm sektorunu inkişaf etdirmək məqsədilə Azərbaycan Respublikası ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ("Tax free") sisteminin hava limanından başqa digər sərhəd buraxılış məntəqələrində də tətbiq olunması;

5. beynəlxalq təcrübə nəzərə alınmaqla, diferensiallaşdırılmış əlavə dəyər vergisi dərəcələri tətbiq edilməli olan malların (işlərin, xidmətlərin) siyahısı və həmin mallar (işlər, xidmətlər) üzrə əlavə dəyər vergisinin dərəcələrinin müəyyən edilməsi;

6. vergi ödəyiciləri ilə vergi orqanları arasında əməkdaşlıq münasibətlərini daha təkmil müstəviyə gətirmək, vergi öhdəliklərini daha dəqiq müəyyən etmək və proqnozlaş- dırmaq üçün beynəlxalq təcrübədə geniş tətbiq olunan "vergi öhdəliklərinin hüquqi nəticələr doğurmazdan əvvəl vergi orqanları ilə razılaşdırılması" ("Advance tax ruling") qaydasının müəyyən edilməsi;

7. kameral vergi yoxlamaları zamanı aydın, şəffaf və ədalətli hesablama metodologiyasının tətbiqi və kameral vergi yoxlamalarının həyata keçirilməsinin vergi bəyannamələrinin təqdim edildiyi gündən sonrakı 30 gün müddəti ilə məhdudlaşdırılması (müəyyən edilməlidir ki, kameral vergi yoxlamaları vergi bəyannamələri təqdim edildikdən sonra növbəti 30 gün müddətində həyata keçirilməlidir və bu müddət başa çatdıqda həmin bəyannamələr üzrə kameral vergi yoxlamaları həyata keçirilə bilməz);

8. vergidən yayınma hallarının qarşısını almaq məqsədilə beynəlxalq təcrübədə geniş tətbiq olunan ictimai məlumatlandırma ("Whistleblow") mexanizminin hazırlanması;

9. vergi ödəyicilərinin vergi risklərini minimuma endirmək və vergidən yayınma hallarının qarşısını almaq məqsədilə beynəlxalq təcrübədə geniş tətbiq olunan "Könüllü vergi açıqlaması" ("Voluntary tax disclosure") sisteminin tətbiqi və təşviqi mexanizminin hazırlanması;

10. ölkə iqtisadiyyatında şəffaflığı artırmaq, maliyyə intizamını gücləndirmək və vergitutma bazasını genişləndirmək məqsədilə nağdsız əməliyyatların stimullaşdırılması və nağd əməliyyatların məhdudlaşdırılması;

11. beynəlxalq təcrübə nəzərə alınmaqla, vergi ödəyiciləri tərəfindən xərclərin süni şəkildə artırılması (transfer qiymətləndirmə) hallarını aradan qaldırmaq məqsədilə qanunvericilik bazasının yaradılması;

12. beynəlxalq təcrübə nəzərə alınmaqla, nağd pul hesablaşmaları nəzarət-kassa aparatları tətbiq edilmədən həyata keçirilən fəaliyyət sahələrinin dairəsinin dəqiq müəyyənləşdirilməsi və nəzarət-kassa aparatları tətbiq etmədən fəaliyyət göstərən fiziki şəxslərin vergi öhdəliklərinin aylıq sabit vergi formasında müəyyən edilməsi;

13. vergi ödəyicilərinin fəaliyyətini səmərəli təşkil etmək və inzibati xərclərini azaltmaq məqsədilə dövlət orqanlarına verilən hesabatların sadələşdirilməklə elektron qaydada vahid mərkəzdən paylanması üçün beynəlxalq təcrübədə geniş tətbiq olunan "Vahid hesabat standartı" (Common Reporting Standard) sisteminin tətbiq olunması mexanizminin hazırlanması;

14. Azərbaycan Respublikası ilə digər dövlətlər arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair beynəlxalq sazişlərin inzibatçılığı qaydalarının sadələşdirilməsi;

15. şəffaflığı artırmaq və vergitutma bazasını genişləndirmək üçün beynəlxalq təcrübədə geniş tətbiq olunan "rəqəmsal iqtisadiyyatın" (digital economy) vergiyə cəlb edilməsi;

16. vergi ödəyiciləri tərəfindən aparılan əməliyyatlarda elektron qaimə- faktura sisteminin tətbiqi;

17. kənd təsərrüfatı məhsullarının istehsalçılarına tətbiq edilən vergi güzəştlərinin əhatə dairəsini dəqiq müəyyənləşdirmək məqsədilə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üzrə sərhədlərin müəyyən edilməsi;

18. ölkənin hüdudlarından kənarda əldə olunmuş gəlirlərin vergiyə cəlb olunmasında şəffaflığı təmin etmək və səmərəli vergi nəzarəti həyata keçirmək üçün digər dövlətlər arasında maliyyə məlumatlarının avtomatik mübadiləsi məqsədilə hökumətlərarası müqavilələrin bağlanması;

19. vergi ödəyicisinin vergitutma obyektlərini şəffaf şəkildə vergiyə cəlb etmək və vergitutma bazasının gizlədilməsinin qarşısını almaq məqsədilə vergi qanunvericiliyində hüquqlardan sui-istifadə əleyhinə müddəaların ("Anti-avoidance rules") beynəlxalq təcrübəyə uyğunlaşdırılması;

20. Azərbaycan Respublikası rezidentlərinin vergi güzəşti olan xarici ölkələrdə və ya onların vergi güzəşti tətbiq olunan ərazilərində (ofşorlarda) fəaliyyət göstərən vergi ödəyiciləri ilə əməliyyatlarına səmərəli vergi nəzarəti mexanizmlərinin qurulması;

21. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Qlobal Forumu çərçivəsində vergi sahəsində şəffaflıq və məlumat mübadiləsi üzrə yüksək beynəlxalq reytinq əldə etmək və bu reytinqi daima saxlamaq məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi.

Mənbə: http://marja.az


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.