2017-ci ilin iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib2016-12-16 | Kadr işi | 4482
AZƏRBAYCAN RESPUBLİKASININ ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN KOLLEGIYASI QƏRAR "15" "dekabr" 2016- cü il N 10 2017-cü ilin üçün İŞ VAXTININ NORMASI Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "2017-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında" 25 noyabr 2016-cü il tarixli 483 nömrəli qərarına əsasən 2017-ci ildə aşağıdakı günlər iş günü hesab edilmir:
Azərbaycanın Respublikasının Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci və 6-cı hissələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ”2017-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” 2016-cı il 25 noyabr tarixli 483 nömrəli qərarına əsasən 2017-ci ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri və Ramazan bayramının bir gününün Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 3, 4 yanvar, 29 may, 28 iyun və 4 sentyabr tarixləri, altıgünlük iş həftəsində isə 3 yanvar və 29 may tarixləri istirahət günləridir. 2017-ci ilin fevral ayı 28 təqvim günündən, il isə 365 təqvim günündən ibarətdir. 2017-ci ildə beşgünlük iş həftəsində 241 iş günü (onlardan, 5-i bayramqabağı, 1-i Ümumxalq hüzn günü qabağı iş günləridir), iş günü hesab edilməyən 110 istirahət günü (onlardan, 4-ü iş günü hesab edilməyən bayram günləri ilə üst-üstə düşən, 1-i isə Ramazan bayramının bir gününün iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşən), iş günü hesab edilməyən 17 bayram (4-ü istirahət günləri ilə üst-üstə düşən) və 1 Ümumxalq hüzn günü vardır (241+110+17+1- 4 = 365). Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 89-cu və 90-cı maddələrinə əsasən Azərbaycan Respublikasında gündəlik normal iş vaxtının müddəti 8 saatdan artıq ola bilməz və bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq ola bilməz. 2017-ci ilin iş vaxtı norması 40 saatlıq beşgünlük iş həftəsi üzrə 8 saatlıq iş günü hesabından müəyyən edilir və bu zaman Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 108-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq iş günü hesab edilməyən bayramqabağı, səsvermə, habelə Ümumxalq hüzn günü qabağı iş günlərində həftəlik iş günlərinin müddəti bir saat qısaldılır. Qanunvericiliyə uyğun olaraq 2017-ci il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1922 saat təşkil edir (235 x 8 + 6 x 7 = 1922 saat). İstehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq tətbiq edilən bir istirahət günü olan altıgünlük iş həftəsi və müəyyən qeydiyyat (uçot) dövrü üçün növbə cədvəlləri beşgünlük iş həftəsinin həmin dövr üzrə iş vaxtı normasına riayət edilməklə tərtib olunur. Əmək Məcəlləsinin 90-cı və 108-ci maddələrinə əsasən altıgünlük iş həftəsi tətbiq edilərkən həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan və bilavasitə səhərisi gün istirahət günü olan iş gününün müddəti isə 6 saatdan çox ola bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 91-ci, 92-ci və 93-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qalan iş yerlərində səsvermə, bu Məcəllənin 105-ci maddəsində göstərilən iş günü hesab edilməyən bayram günləri və Ümumxalq hüzn günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır. Altıgünlük iş həftəsi olan iş yerlərində 40 saatlıq iş həftəsində çalışan işçilər üçün 2017-ci ildə beşgünlük iş həftəsi üzrə hesablanmış 1922 saatlıq illik iş vaxtı norması tətbiq edilməlidir. İş vaxtının qeydiyyatı (uçotu) dövründə və ya təqvim ili ərzində iş vaxtı saatları iş vaxtı normasına uyğun gəlirsə, ayrı-ayrı aylarda iş vaxtının normal iş vaxtından az və ya çox işlənilməsi halları altıgünlük iş həftəsi cədvəlinə yenidən baxılması üçün əsas ola bilməz. İş vaxtının illik normasına görə altıgünlük iş həftəsi cədvəlinə il ərzində düzəliş edilməsi ilə bağlı konkret məsələlər istehsalat və digər yerli şərait nəzərə alınmaqla bilavasitə kollektiv müqavilədə nəzərdə tutulmaqla həll olunur. Qeydiyyat (uçot) dövründə iş vaxtının müddəti qanunvericiliklə müəyyən olunmuş iş saatlarının sayından çox olmamaq şərti ilə iş vaxtının cəmlənmiş uçotu tətbiq edilə bilər. Bu halda qeydiyyat (uçot) dövrü bir ildən artıq, gündəlik işin (növbənin) müddəti isə 12 saatdan çox ola bilməz. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.