Muflis olanların siyahısı acıqlanacaq2016-12-24 | İqtisadiyyat | 2864Müflisləşmə hallarında kredit ödənişləri səviyyəsinin yaxşılaşdırılması məqsədilə Azərbaycanda hüquqi prosedurların və qurumların fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində tədbirlər həyata keçiriləcək. Bu barədə "Azərbaycanda kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"ndə qeyd olunub. Sənəddə bildirilib ki, KOS subyektlərinin müflisləşməsi məsələlərinə məhkəmə baxışını sürətləndirmək məqsədilə ixtisaslaşmış məhkəmələrin yaradılması nəzərdən keçiriləcək. Bu orqan KOS subyektləri, banklar və digər kreditorlar arasında iflas məsələlərini də həll edəcək. Bu məqsədlər üçün müvafiq orqanlara KOS subyektlərinin fəaliyyət qabiliyyətini qiymətləndirmək, tərəflər arasında müzakirə və danışıqları təşkil etmək, borcların restrukturizasiyasına kömək etmək, fəaliyyət qabiliyyəti olmayan təsərrüfat subyektlərinin ləğvi və belə subyektlərə iddianın yönəldilməsi üzrə prosedurları sürətlə icra etmək hüquqları veriləcək. Azərbaycanda müflisləşmə prosedurları və ikinci fürsət sahəsində fəaliyyətin təkmilləşdirilməsi məqsədilə onlayn müflisləşmə və ya iflas reyestrinin yaradılması nəzərdən keçiriləcək. Məsələ ilə bağlı fikir bildirən bank sahəsi üzrə mütəxəssis Əkrəm Həsənov "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, "Strataji Yol Xəritəsi"ndə müflisləşmə və iflas haqqında qanunun təkmilləşdirilməsindən söhbət gedir. Adıçəkilən qanun 1997-ci ildə qəbul olunub: "Dəfələrlə aidiyyəti qurumlara təklif etmişəm ki, bu qanun dəyişdirilsin. Təklif etmişdim ki, bu qanun tək sahibkarlara deyil, eyni zamanda vətəndaşlara da şamil olunsun. Vətəndaşlar öz borclarını ödəyə bilməsə, onlar özünü müflis elan edə bilər. "Strateji Yol Xəritəsi"ndə qeyd olunur ki, kiçik və orta sahibkarlar özünü müflis elan edə bilər. İstənilən halda, iflas olan sahibkarların özünü müflis elan etməsi təqdirəlayiqdir. Sahibkar və ya vətəndaş özünü müflis elan etsə, o şəxs bankdan kredit götürə bilməz". Həmsöhbətimizin fikrincə, tək kiçik və orta sahibkarlar deyil, iri və fərdi sahibkarlıqla məşğul olan şəxslərin də müflis elan olunması qeyd edilə bilər: "Müflisləşmə prosesinin icra olunması şəffaf həyata keçirilməlidir. Sizə deyim ki, bu yaxınlarda Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət ünvanlamışam. Ünvanladığım müraciətdə qeyd etmişəm ki, bu gün Azərbaycanda 15-ə yaxın bank müflis olub. O bankların ləğvetmə prosesi şəffaf şəkildə həyata keçirilmir. Bankın kiməsə borcu var ki, onların hüquqları qorunmur". Mənbə: http://fins.az/biznes/912887/muflis-olanlarin-siyahisi-aciqlanacaq-yenilik.html |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.