Azərbaycanda kənd təsərrüfatı istehsalçıları növbəti 5 ilə vergilərdən azad ediləcəklər2013-10-31 | Vergilər | 2919Azərbaycanda kənd təsərrüfatı istehsalçıları növbəti 5 ilə vergilərdən azad ediləcəklər. Milli Məclisinin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında "Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında" qanuna dəyişikliklər müzakirə olunub. Layihə barədə məlumat verən komitə sədri Eldar İbrahimov bildirib ki, layihəyə əsasən kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan ( o cümlədən sənaye üsulu ilə) hüquqi və fiziki şəxslər 2014-cü il yanvarından 1-dən başlayaraq 5 il müddətinə Vergi Məcəlləsi ilə müəyyən edilmiş hüquqi və fiziki şəxslərin mənfəət vergisini, əlavə dəyər vergisini, sadələşdirilmiş sistem üzrə vergini və həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmək vergisini ödəməkdən azaddırlar. Maddənin mövcud variantında bu "2001-ci il yanvarın 1-dən başlayaraq 3 il müddətinə" kimi qeyd olunub. İclasda çıxış edən Milli Məclisin Aqrar qanunvericilik şöbəsinin müdir müavini Şahmərdan Kərimov bildirib ki, Azərbaycanda 2001-ci ildən fermerlərə tətbiq olunan vergi güzəştləri nəticəsində 1,4 milyard manat vəsait fermerlərə qalıb. Bu müddət ərzində kənd təsərrüfatı istehsalının həcmi 1,2 milyard manatdan 4,8 milyard manatadək artıb. Ş.Kərimov həmçinin əlavə edib ki, kənd təsərrüfatı sahəsində xüsusən quşçuluq, istixana, emal müəssisələrinin inkişafı baş verib: "Artıq Azərbaycan quş əti istehlakçısı deyil və öz tələbatını təmin edir. Yaxın gələcəkdə bu sahədə ixracatçı potensialı əldə edəcək. Ötən müddət ərzində quş əti istehsalı 3,7 dəfə artaraq 2012-ci ildə 89,3 min ton təşkil edib". Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub. Mənbə: www.biznesinfo.az |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.