Dünyanın aparıcı iki audit şirkəti böyük məbləğdə cərimələnib2017-08-17 | Audit | 3077Dünyanın aparıcı 4 audit şirkətindən ikisi KPMG və PwC müstəqil nəzarəti həyata keçirərkən yol verdikləri nöqsanlara görə cərimələnib. "APA-Economics" Rusiya KİV-lərinə istinadən xəbər verir ki, KPMG 2011-ci ildə neft-qaz şirkəti olan "Miller Energy Resources"in auditini keyfiyyətsiz apardığına görə ABŞ-ın qiymətli kağızlar və birjalar üzrə komissiyası tərəfindən 6,2 mln. dollar (4,8 mln. funt sterlinq) məbləğində cərimələnib. Məlumata görə, KPMG "Miller Energy Resources"in bəzi aktivlərinin dəyərinin 100 dəfə şişirdilməsi faktına diqqət yetirməməkdə günahlandırılır. Bundan başqa, Böyük Britaniyanın Maliyyə Hesabatlılığı Şurası 2011-ci ildə "RSM Tenon Group"da apardığı audit zamanı yol verdiyi nöqsana görə "PricewaterhouseCoopers"i (PwC) cərimələyib. PwC-nin bonus ödənişləri, istehsalın tam yerinə yetirilməməsinə görə müqavilədə nəzərdə tutulan kompensasiya məbləğinin qeydiyyatının müəyyən aspektləri, icarə ödənişlərinin qeydiyyatı, müəssisənin kapitalının təmininin qiymətləndirilməsində nöqsanlara yol verib. PwC şirkəti həyata keçirilmiş auditin peşəkar standartlara uyğun olmadığını qəbul edib. Qeyd edək ki, qərara əsasən, PwC 5,1 mln. funt sterlinq məbləğində cərimə ödəməlidir. "Bloomberg" agentliyinin məlumatına görə, bu, nizamlayıcının fəaliyyəti dövründə qeydə alınmış ən iri cərimədir. Qeyd edək ki, PwC Böyük Britaniyanın Maliyyə Hesabatlılığı Şurasının xərclərini örtmək üçün 500 min funt sterlinq ödəməlidir. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.