e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Təsisçi hüquqi şəxsə borc verdiyi halda faizə gorə vergi bazar qiyməti ilə hesablanır

2017-08-29 | Vergilər | 3058

Təsisçi hüquqi şəxsə faizsiz borc pul verərsə, hər hansı vergi öhdəliyi yaranırmı?

Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən AZƏRTAC-ın sualına cavab olaraq bildirilib ki, təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında (təsisçi və hüquqi şəxs) həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir. Belə ki, təsisçinin hüquqi şəxsə faizsiz verilmiş borc məbləğinə həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmalı və ödənilən faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir.

Bunlarla yanaşı, borc müqavilələri faizlə şərtləndirildiyi halda Vergi Məcəlləsinin 110-cu maddəsinin müddəalarına əsasən qarşılıqlı surətdə asılı olan şəxslərin bir-birinə ödədikləri faizlərin faktiki məbləği (hesablamalar metodundan istifadə edildikdə - ödənilməli faizlərin məbləği) faizlərin aid olduğu dövrdə eyni valyuta ilə, oxşar müddətə verilmiş banklararası kredit hərracında olan və ya hərraclar keçirilmədiyi təqdirdə Azərbaycan Respublikası Mərkəzi Bankının dərc etdiyi banklararası kreditlər üzrə faizlərin orta səviyyəsinin 125 faizdən artıq olmamaqla gəlirdən çıxılır.

Eyni zamanda, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergiödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200 min manatdan çox olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergiödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği 30 min manatdan, digər vergiödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği 15 min manatdan çox olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.

Mənbə: http://azertag.az/xeber/Tesischi_huquqi_sexse_borc_verdiyi_halda_vergi_bazar_qiymeti_ile_hesablanir-1088335


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.